Qadin.NET / Bu yol heç qurtarmasın...

Bu yol heç qurtarmasın...


(Bu şeiri sevgilim mənə həsr edib)

Bu yol heç qurtarmasın
Qurtarsa da ömrümüz

Bu yol heç qurtarmasın.
Uzansın ötdükcə vaxt
 Son mənzilə çatmayaq
 Uzansın gecə gündüz
 Fərq etməz əyri, ya düz.
 Neçə-neçə ayaqlar
 Bu yolda qoyubdu iz
 Hamısı pak, tərtəmiz
 Bu yol heç qurtarmasın.
Bacardıqca biz gedək
 Yolumuzdan dönməyək
 Sınmasın əqidəmiz
 Biz də burda qoyaq iz.
 Axı bu yol tərtəmiz
 Pakdı şəffaf su kimi.
 Mirvarimi, incimi
 Bu yola düzülən daş?
 Ya sevgi ahəngimi
 Gözlərdən süzülən yaş?
 O yaşlar ki, yol boyu
 Elə hey axıb getdi
 O yaşlar ki, sevincdi
 Kədər onunla bitdi.
Hər şey bu yolda oldu
Bu yol heç qurtarmasın.
Bu yolda mən də varam
Öz kölgəm, öz yarımla
Mən də bir iz qoyaram
Öz nazlı nigarımla.
Mənim də qoyduğum iz
Başqa izlər kimidi
Müqəddəs və tərtəmiz.
Bu iz mənə əzizdi
Əzizlərdən də əziz,
Axı sevən qəlbimiz
Bu yolda çox şey etdi.
Bu yol sevgi yoludu
Lap çox uzağa getdi,
Baxdım, üfüqdə itdi,
Amma yenə bitmədi.
Çünki biz var olduqca
Sevgi də var olacaq.
Bu yolda çox Leylilər
Məcnuna yar olacaq.
Sevgiylə, sevənlərlə
Bu yol da var olacaq,
Axı sevgi yoludu.
Bu yol heç qurtarmasın
Son mənzilə çatmasın...

9 oktyabr 2011
GO BACK