Qadin.NET / "Dərd" Ramiz Rövşən

"Dərd" Ramiz Rövşən

 

"Dərd" Ramiz Rövşən

Dərd dərdi əridir, udur,

Dərd dərdin dibinə çökür

Dərd dərdin əlindən tutur,

Dərd dərdin ipini çəkir.

 

Nə uzundur dərdin ipi

Dolanır dörd bir tərəfi.

Dünyanın dərdli tərəfi

Dərdsiz tərəfini çəkir.

 

Dünyadan bezmir yenə də,

Şükür deyib bu günə də,

Adam lap öz dərdini də

Sevinə-sevinə çəkir.

 

* * *

 

Göz yaşları süzüldükcə

Adamın quru üzünə,

İçimizə batan dərdlər,

Bir-bir çıxır su üzünə.

 

Qazancımız birdi bizim

Bu dünyanın dərdi bizim.

Çevrilərik dərdimizin,

O üzünə, bu üzünə.

 

Milyon-milyon qəbir varsa...

Bir qəbirsiz şair varsa,

Üzündə bir sağ yer varsa,

Dünyanın tfu üzünə!

 

Ramiz Rövşən

12 aprel 2019
GO BACK