Sarı bülbül gül başına dolandı,
Yazıq könlüm həsrətinə qalandı.
Səbr, taqət nəyim vardı apardın,
Bir demədin nə soyğun, nə talandı.
Əsmə, külək, əsmə, külək!
O dağlarda bir az yuban!
Əyil, budaq, bəlkə yarım
Gələr oldu bu yollardan.
Karvan bulud narın-narın səpələr,
Gözəlləşər göy çəmənlər, təpələr.
Aman günəş, qoyma soyuq damcılar
Sevgilimin yanağından öpələr.
Əsmə, külək, əsmə, külək!
O dağlarda bir az yuban!
Əyil, budaq, bəlkə yarım
Gələr oldu bu yollardan.
Dərələrdən ağır duman sürünür,
Göy yamaclar ağ örpəyə bürünür.
O aydırmı çıxdı qara buluddan,
Yoxsa yarım gözlərimə görünür?
Əsmə, külək, əsmə, külək!
O dağlarda bir az yuban!
Əyil, budaq, bəlkə yarım
Gələr oldu bu yollardan.
Rəsul Rza
1958
Rauf Hacıyev mahnı bəstələmişdir.