Qadin.NET / "Ana" Cəfər Cabbarlı

"Ana" Cəfər Cabbarlı

 

Ana

"Ana" Cəfər Cabbarlı

Adın müqəddəsdir adına qurban

Bəzəmək nə lazım naxışla ana.

Əvəzin yox imiş gec anlamışam,

Haqqını halal et bağışla ana.

 

Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,

Ürək süqut etməz aldığı mətanətdən.

Ricavü-xəfvə məkan vermərəm gər alimlər

Min ildə vəz edələr dəhşəti-qiyamətdən.

 

Pələnglər tuta dövrüm, çəkinmərəm əsla,

Və ya ki, vəd edələr dövləti-cahanı mənə.

Ki bir kəsə baş əyibiczimi bəyan eyləyim

Əyilmərəm nə ki yer, versələr səmanı mənə.

 

Yanımda gər dura cəllad, əlində şəmşiri,

Ölüm gücüylə mənə hökm edə olum təslim.

Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun

Gücüylə xalqa həqiranə eyləyim təzim.

 

Cahanda yox elə bir qüvvə baş əyim ona mən,

Fəqət nə güclü, zəif bir vücud var yahu!

Ki hazıram yıxılıb xaki-payinə hər gün

Öpüm ayağını icz ilə. Kimdir o? Nədir o?

 

Ana, ana… O adın qarşısında bir qultək

Həmişə səcdədə olmaq mənə fəxarətdir.

Onun əliylə bəla bəhrinə yuvarlansam

Yenə xəyal edərəm bəzmi istirahətdir.

 

Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!

Atıl cahana sən, ey ildırım, alış, parla!

Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl!

Sən, ey Günəş, yağışın yağdır, ey bulud, ağla!

 

Bütün bunlar mənə əsər eyləyərmi? Mütləqa yox. Yox.

Fəqət ana… O adın qabağında,

O pak bağrına bassın məni desin layla

Təbəssüm oynadaraq, titrəyən dodağında…

 

Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,

Ucar səmalara o aləmi-xəyalətdə.

Yatar, ölər bədənim, nitqdən düşər bir söz:

Ana, Ana… Sənə mən rahibəm itaətdə!

 

Cəfər Cabbarlı

28 mart 2019
GO BACK