Qadin.NET / Gecikmiş məktub

Gecikmiş məktub

 

Gecikmiş məktub


Dünən torpaq onu aldı qoynuna

 Yenə yer üzündən köçdü bir nəfər.

Dünyadan tələsən insan oğluna

Geçikmiş bir məktub gəldi bu səhər.


Məktub...Yapışqanlı, möhürlü məktub.

Məktub milyon-milyon məktublar kimi.

Ömür sahibindən ömürlü məktub

Sanki fikrə getdi sözü var kimi.


Gözlədi gözləri yol çəkə-çəkə

Kimsə əl vurmadı... Bu necə sirdi?

Şadlıq gətirərdi dünən o bəlkə

Bu gün kədər üstdən kədər gətirdi.


Onun keçdiyi yol uzun yollardı,

Onun sorağında de, kim qalibdır?

Dünən o məktubun sahibi vardı

O bu gün necə də yetim qalıbdır.


Gün keçir... Gözləyir məktub yazan da

Onun ürəyini şübhələr yeyir.

Düşünür bəlkə də elə bu anda

Cavab verməyirsə demək sevməyir.


Məktub da yaşayır... Dəyişir zaman,

Hər sətir ürəkdən gələn soraqdır.

Uyuyur torpaqda, uyuyur insan.

Ancaq o məktubda hələ də sağdır...


Nəbi Xəzri

3 sentyabr 2011
GO BACK