Qadin.NET / Son görüş (şeir)

Son görüş (şeir)

 

Son görüş

Son görüş (şeir)

Bu vaxtsız sevginin əcəli yetdi

Buydu qismətimiz ya tez ya da gec.

Hərə öz dərdini apardı getdi

Bəs niyə dərdimiz azalmadı heç... ?

 

Dünya dağılmadı biz ayrılanda,

Göylər biraz yağış çilədi ancaq...

Mən sənə xoşbəxtlik dilədim onda,

Sən mənə rahatlıq dilədin ancaq...

 

Rahatlıq dilədin ev eşiyimə,

körpəmin beşiyinə,

Nəvəsi diziüstə çıxan

atama - anama da.

Bir vaxt səndən öncə rastıma çıxan,

Səni məndən alan qadınıma da...

 

İstədim son dəfə basım bağrıma

Dedin - "nəyə lazım, yox yaxşı deyil..."

Ağladın dedim ki, "kiri ağlama"

Dedin ki, "yağışdı göz yaşım deyil..."

 

Bu görüş sonuncu görüşdü daha

"Bu gün ayrılırıq" deyib gəlmişdin

Bəs niyə mənimlə son ayrılığa

Ən gözəl donunu geyib gəlmişdin..?

 

Bəs niyə o cürə gözəldin onda?

İndi bunu necə yozum bilmirəm.

Bəlkə də son dəfə mənim yadımda

Gözəl qalmaq idi arzun, bilmirəm...

 

Bir sevgi yarımçıq qırıldı o gün

Yağış da kəsildi bulud da getdi

Bir qızla bir kişi ayrıldı o gün

Hərəsi bir yana üz tutub getdi .

 

O qızdan gözəl qız tapılmaz daha

Daha o kişidən igidi yoxdur.

Amma bu dünyada xoşbəxt olmağa

Daha heç birinin ümidi yoxdur...

 

Ramiz Rövşən

18 oktyabr 2018
GO BACK