Qadin.NET / Yalqızıstan - Əli Xəyyam

Yalqızıstan - Əli Xəyyam

Yalqızıstan - Əli Xəyyam

Əlimdəki silaha çevrilir yazdığım şeirlərim

Sevgi şeirlərini sıxışdırıb gizlədirəm çəkməcələrdə

İtib qarışıram sonsuzluğun çarəsizliyində

Görəsən xoşbəxtliyim kimin əllərində?

 

Yazdığım musiqilər əvəz eləmir kitab qoxusunu

Gözlərim hər gün çəkir kədər kinosunu

Baş rolda kimsəsiz üç kölgə

Bir şairin dağınıq saçları

Bəs sən Bakı, sən niyə bu qədər kədərlisən bu gün?

Yalqızıstan - Əli Xəyyam

Kimsə olmur hərdən, kimsəsizəm əvvəldən

Tənhalıq getdikcə qaranlıqlaşdırır,

İşıqsız qalıq işıqlar

Səpələnir ətrafa bədənindən qopmuş ətdən oyuncaqlar

Yalnızlıq çox qaranlıq bir yerdir

 

Allahsızlığın verdiyi əzabda

Neçə il ağrılarla yaşadım

Bilirəm sızıldıyaraq nədir kömək istəmək rütubətli divarlardan

Nədir otağın adını dəyişib qoymaq, "Yalqızıstan"

Sonda Tanrıdan əfv dilənmək

Baxışlarda torpaq olmaq

 

Və ölənə kimi özünə gələ bilməmək

İçindəki şairləri susdurub, dinməmək

Bir qadının soruşması ki, "ruhdaşım, necəsən?"

Mən deyirəm yaxşıyam, amma sən inanma sevgili...

 

Əli Xəyyam ("Bulud Bağçaları" kitabından)

11 oktyabr 2018
GO BACK