SƏNİN XATİRİNƏ
Nə yazsam sevgidən yazır
Qələm, sənin xatirinə.
Hicrandan boynu bükülü
Mənəm, sənin xatirinə.
Yolumu duman bağlasa,
Köksümü həsrət dağlasa,
Gözlərimdə sel çağlasa,
Gülləm, sənin xatirinə.
Gəl yandırma gülün ilə,
Çox oynama külüm ilə,
Son tikəmi sənin ilə
Bölləm, sənin xatirinə.
Bilmirəm, mələksən, nəsən,
Can verərəm, can istəsən.
Bircə kəlmə öl söyləsən,
Ölləm sənin xatirinə..
QAYITMA
İndi ki, gedirsən son bahar kimi,
Qayıtma geriyə durnalar kimi,
Yaşa zirvələrdə, yaşa qar kimi,
Çevrilib yağışa, selə qayıtma
İllərim nahaqdan ötdü səninlə,
Demirəm ömür-gün bitdi səninlə,
Getdin, nəğmələrim getdi səninlə,
İndi qəmli öten telə qayıtma
Sən gəldin ömrüme duman, çən kimi,
Yaşarsan saçıma düşən dən kimi,
Barı bundan belə yaşa mən kimi
Qoxlayıb atdığın gülə qayıtma...
Nüsrət Kəsəmənli