Qadin.NET / Nisgilim

Nisgilim

 Nisgilim

 

İçimdə nisgil var, kəsir əhdimi,

 Boğur, sıxır məni yetmir nəfəsim,

 Ondan aralanmaq, qaçmaq cəhdimi,

 Uğursuz eyləyir yanmaq həvəsim.

 

Sarır varlığımı çiskin dumanı,

 Qorxudur ətrafı halım, halətim,

 Günahkar sayıram dövrü, zamanı,

 Cəzam bu, yox ikən bir cinayətim.

  

 Yığılıb qətrəylə dönüb ümmana,

Çalxanır aşıra bəndi, bərəni,

Qurtulmaq mümkünsüz, gəlmir gümanı,

Hayqırım, hönkürüm, ağlayım yəni.

 

İndisə özümə yazığım gəlir,

Ömrü ötürmüşəm hədər, havayı.

Bir fikir beynini dağıdır, dəlir,

Yoxmu taleyində heç sevinc payı?

 

Nə ilə sakitləşim, tapım təsəlli,

Canımdan çəkilsə soyuq, sazağı.

Nisgilim lağ ilə deyir: Ay dəli,

Öyrən mənlə birgə sən yaşamağı.

27 avqust 2011
GO BACK