Qadin.NET / Günəşdə üşüyənlər

Günəşdə üşüyənlər

Günəşdə üşüyənlər

Sənə dənizdən bir az mavi rəng gətirmişəm

Boya otağımızı, əlimdə orxideyalar, mən gəlmişəm

Ağrı, çox ağrı, bu ağrı

Səni sevməyi öyrənirəm

Ağrı, çox ağrı

Səni sevməyə öyrəşirəm mən

Gecələr, yarımçıq yuxular, sən və sənsiz şeirlərimin

Gözyaşlarını kağızlar qurulayar

Boğ ümidlərimi səssizliyimlə sarsılan boz küçələrdə

İşgəncələr, zindanlar, gedişin.

Susmağın, izlər gözlərdə

Və bir sevgiliydin

İndi şəkil olmusan divarlarda,

Tanımadığın evlərdə

Və sevgiliydin

İndi xatirə olmusan cızma-qara qəmgin şeirlərdə..

 

Yalançı yuxularımda yanağımdan öpməyin kimi

Dizini qucaqlayıb ürəkdən ağlamağın kimi

Son görüşdə üşüyüb titrəyən əllərin kimi

Səhərlərə qədər qucaqlaşıb şeir oxumağımız kimi

 

Getmədiyimiz şəhərləri silirəm xəritəmdən

Sənin kölgən, mənim ölkəm

Addımlarınla çəkirəm yeni dünyamı,

Mən səndənəm

Aylar oldu şeir yazmayalı, ruhum küskün

Sevgin məni elə möhkəm silkələdi ki,

Bütün maskalarım düşdü

Yaralarım sağalacaq, silib gözyaşlarımı

Yenə qayıdacam yanına...

 

Bitir çaxırını bir az rəqs edək

Deyirlər xoşbəxtlik bir gün gedəcək

Bitir çaxırını bir az rəqs edək

Sus, ağlama, hey, bu da keçəcək

Yenə qayıdacam yanına...

 

Əllərin hardadı,

Niyə üşüyürəm şaxtasında həsrətinin?

Bir gecə intihar səndən sonra və bir ölüm,

Belə yaşamaqdansa 

Cəmiyyətdən qovulub gözlərim

İçimdə yaşayır Greqor Samsa

Bu nədi sevgilim, bu nədi?

Üşümək Günəşin içində yanmaq kimi,

Bu günəş nədi, bu Dünya nədi, Tanırımı?

Eh sevgilim, inandır  məni..

 

Əli Xəyyam ( Bulud Bağçaları kitabından)

 

 

24 fevral 2018
GO BACK