Qadin.NET / Səni düşünürəm

Səni düşünürəm

Səni düşünürəm

Yaşayıram , yox dünyadan xəbərim,

Sakit, səssiz ötüb keçir günlərim.

Bilmirəm ki, nədir xeyrim, zərərim,

Varlığımı sarıb sanki çən, duman,

Axı səni düşünürəm mən hər an.

 

Xəyaldadı çəkə-çəkə əzabı,

Arayıram min suala cavabı.

Məstəm sanki içməsəm də şərabı,

Ayılmıram desələr də qalx, oyan,

Axı səni düşünürəm mən hər an.

 

Dolanıram bəzən başı havalı,

Görcək çaşır dost-yaxınım bu halı.

Dindirməyə vurğunluqdan kar, lalı,

Cəhd səyləri boşa gedir çox zaman,

Axı səni düşünürəm mən hər an.

 

Hissim, duyğum korlaşıbdır elə bil,

Yadırğayıb söz-kəlməyə dodaq-dil.

Diksinmərəm göy kişnəyə lap qəfil

Ruhum uçub köç eyləyib canımdan

Axı səni düşünürəm mən hər an.

25 avqust 2011
GO BACK