Can ata
Ah necə tez ötdü illər,keçdi dövran,can ata,
Gəldi ayrılıq məqamı,yetdi hicran,can ata,
Qarışmış fikrim,xəyalım,xiffət üzür qəlbimi
Neylirəm sənsiz dünyada mən natəvan, can ata?!
Sən yorulmaq bilmədən,ömrü yolumda xərclədin,
Baş qoyum ayağına,ey şahı-mərdan,can ata.
Nə böyük ağrı imiş sənsizlik,indi anladım,
Yoxluğuyla göydən bizi yerə vuran, can ata.
Ey heyf yüz “can”ına bircə yol “can” söyləmədim,
Olsun soyuq məzarına canım qurban, can ata.
Yoxdur heç yerdə qərarım,sönmüş hər şeyə həvəs,
Sənsiz zindanmış ev-eşik,boşmuş hər yan, can ata.
Durmuşam gözləri yaşlı,hüzurunda müntəzir,
Ey mənim sönmüş vüqarım,mülkü viran can ata.
Nə qədər cismimdə can var,səcdəgahımdır bu yer,
Mütləqa keçməz könlümdən ayrı ünvan,can ata
Əziz oxucular,yadınızdadırsa “Bağışla can ana” şerini sizlər üçün yazanda demişdim ki ,müəllifin ataya aid qəzəlini də bir gün xeber kimi əlavə edəcəm.buyurun bu da “Can ata” qəzəli.Çox gözəl qəzəldir,oxumağa dəyər