Özgə qadın
Hər kişi,
Özgə qadından yüyürür evindəki qadına
Yüyürür, döşənir ayaqlarına.
Özgə qadından öyrənir necə sevmək olar qadını,
O qadından öyrənir hətta çiçək almağı.
Ana olur, yar olur özgə qadın adama,
Üst - başında gəzdirir əlinin tumarını.
Soruşur çarpayını, de, hansı otaqdadı,
Pəncərə önündədir, ya qaranlıqdadır?
Qayğı kimi ələyir başına sualları:
De neçədə yatırsan, de, neçədə durursan?
Mən verdiyim ətiri harada saxlayırsan?
Köynəyinin yaxası niyə qırış-qırışdı?
Saçında ağaran tel mənə necə tanışdı…
Təzə şeir yazmısan? Ver üzünü köçürüm?
Bu gün sənə çayı da qoy mən özüm içirim.
Başdan-ayağa süzür səni bir ana kimi,
İlıq baxışlarıyla çəkir sənin şəklini.
İşıq verir gözünə,
Sevgi axır qanına,
Baxışları nur kimi çiçəklənir üzündə,
Bir qız heykəli doğur sənin düymə gözündə,
İlahi baxışların altında sən süzürsən.
Uça – uça , qaça – qaça öz evinə gəlirsən,
Arvadın baxıb deyir: - nə gözəl görünürsən?
Amma bilmir ki, səni belə gözəl eyləyən,
Ömür boyu axtardığı qadındı.
Sevgi şeirlərini, köhnə məktublarını
Tonqal kimi yandırdığı qadındı.
O günü qayçı ilə sənin şəkillərindən
Qadınları
Kəsib, kəsib doğradığı qadındı.
Ey uzaqda dizini qucaqlayıb ağlayan qadın,
Bir dəfə tanımadın pəncərəmı, qapımı.
Sən öyrətdin mənə sevməyi, sevilməyi,
Sən xoşbəxt elədin evimdəki qadını.
Özgə qadın, içində ağlayarsan sən məni,
Gör neçə illərdi səni çöldə qoymuşam.
Heç bilmirəm yasıma necə durub gələrsən?
Ağrılar uyuyanda, göz yaşı soyuyanda,
Gecə ilə gələrsən, gecə ilə gedərsən.
Qəşəm Nəcəfzadə