Nədir insanlara çəkdirdiklərin,
Daha dözülməzdir cəfana dünya.
Keçmir açsüzəndən ələdiklərin,
Güvənin itirib vəfan a dünya.
***
Bostançı bostandan bəhər gözləmir,
İgidlər oylaqda kəhər gözləmir,
Bəşər bundan acı zəhər gözləmir,
Söylə harda qaldı səfan a dünya.
***
Yenə zalımların meydan ulayır,
İtlərə qoşulub pişik ulayır,
Fağırın içdiyi suyu bulayır,
Dərdlərə tapılmaz şəfa a dünya.
***
İndi süfrələrdə qəmdi aşımız,
Ağarıb göz üstə qələm qaşımız,
Daha nələr çəkər görən başımız,
Sualı cavabsız bivəfa dünya.
***
Harda ədalət var, de harasında,
Qalmışıq göy ilə yer arasında,
Yetər yaşadığın üz qarasında,
Bitir oyunları bu dəfa dünya.
Fərqanə Yusifqızı