Payız, dəli dəniz, soyuq qumsallıq,
Dərin yuxulara dalmış qayalıq,
Sahildə insan yox, suyunda balıq -
Yaman qəribsəyib bu dəniz, yaman...
Nə vaxtdır sahilə düşməyir izlər,
Həm gecə tənhadı, həm də gündüzlər,
Özü boyda dərdi köksündə gizlər -
Yaman qəribsəyib bu dəniz, yaman...
İnsan təmasına həsrət suları,
Sahilə açılı qalıb qolları,
Ot basıb sahilə gələn yolları,
Yaman qəribsəyib bu dəniz, yaman...
Dəli dalğaları çırpır daşlara,
Girib özü ilə son vuruşlara,
Həm düşmənə həsrət, həm tanışlara,
Yaman qəribsəyib bu dəniz, yaman...
Bəzi gecələrdə aydır həmdəmi,
Bölüşür onunla kədəri, qəmi,
Daha parçalamır köksünü gəmi -
Yaman qəribsəyib bu dəniz, yaman...
Bu payız günündə qalıb kimsəsiz,
Çəkir öz dərdini səssiz-səmirsiz,
Daha tab gətirmir təkliyə dəniz,
Çünki qəribsəyib bu dəniz yaman!
müəllif: Afət