Qadin.NET / Gedirsən...

Gedirsən...

 

Gedirsən...



 

Gedirsən...
Elə gedirsən ,
Barmaqlarımın ucundan axa-axa
Gözümün içinə baxa-baxa.,
Yavaş-yavaş, alışdıra-alışdıra...
Fikir eləməyim deyə,
Ağlımı qarışdıra-qarışdıra gedirsən.
Lövbərini sahilə atıb gedən gəmi kimisən,
Dönməyəcəyini bilirəm, 
gözləmirəm yolunu.
Amma baxacam arxanca, 
Gözlərimin qarası ağında əriyənə qədər.
Saçlarımı vida yerinə yelləyib,
Əllərimi üzümə sıxıb yola salıram səni. 
Heç getməsəydin keşkə...
Gedişin Günəşli günlərimə 
qara bulud kimi çökəcək.
Ayları, illəri bölüşürdük
Göy qurşağım idin mənim,
Gözlərim yağandan sonra görüşürdük.
Sən gedirsən, 
Gedirsən...
Hər gün biraz uzaqlığınla boyanıram,
Yaşıl yatıb, sarı oyanıram.
Həyatımı baxış- baxış süstləyənim,
İllərimi naxış – naxış işləyənim,
Sənə demək istədiklərimi ürəyimdə qoyursan.
Tətiyi çəkilmiş tüfəng kimisən artıq. 
Gözlərimdən , baxışlarımdan,
əllərimdən, saçlarımdan gedirsən.
Gedirsən...
Barmaqlarımın ucundan axa-axa , 
Gözümün içinə baxa-baxa .
Yavaş -yavaş, alışdıra-alışdıra...
Fikir eləməyim deyə,
Ağlımı qarışdıra-qarışdıra gedirsən.
Alacağın olsun həyat,
Onsuz da bütün sevdiklərimi alacaqsan.
Qoy onu sevə-sevə yola salım.
Özünə yaxşı bax deyə bilməyəcəm, 
Əlvida deməyə də dilim gəlmir.
Məni unutma ... GƏNCLİYİM.


***

Yaşanmış ömür,
işlənmış bir əşyanın qutusu kimi.
Gedilmiş yol,
izləri süpürülmüş küçələr .
Adiləşir ,bütün qəribələr ...
İlk dəfə məni görəndə, 
roman oxuyarkən , qəflətən,
diqqətini aparan xəyal kimi ,
maraqlandırmışdım səni.
İtirmişdin özünü,
Belə deyirdin ,sonralar...
Bir elan da vermişdin - 
“Məni tapana mükafatım var.” 
Nə? ...bilmirdim. 
Bilə bilməzdim.
Mən ola bilməzdim ,
tutduğu balığı 
dənizə bağışlayacaq ... 
Nuhun gəmisində də yer yox idi bizə.
Sonralar...
heç bir romanda , 
rast gəlmədim özümüzə.
Unutduğum qədər xatırladım səni sonralar...

 

 

Nuranə Nur

1 iyul 2017
GO BACK