Qadin.NET / Elə bu da sevmək imiş (şeir)

Elə bu da sevmək imiş (şeir)

 

Elə bu da sevmək imiş (şeir)

 

Sevgi öpüşlər deyilmiş,

Toxunmadan sevmək varmış.

Hisslərini pıçıltıyla

Vərəqlərə, güzgülərə,

İnsanlardan gizlədərək

Qaranlığa, gecələrə demək varmış.

Lap uzaqdan xəyalları sındıraraq

Oxşamaqmış sevdiyinin tellərini.

Sevmək varmış səni məndən aralayan,

Şəkillərlə ovunmağa məhkum edən,

Bu məhbusluq yellərini.

Hər keçəndə yaxınımdan

Gizli-gizli qondurmaqmış busələri

Mənim olan “ağ” kölgənə.

Gülüşünə sevinməkmiş,

Kədərinə silmək imiş

Yanağını cızıb keçən göz yaşını.

Yarmaq imiş qarşılıqsız məhəbbətin

Köz daşını.

Cavab yoxdur...

Susur güzgü, susur kağız, susur otaq.

Ülgüc,

Damar,

Qanlı yataq.

...Xəyalının əllərindən bərk –bərk tutub

Atmaq imiş ölən ruhu eşq oduna,

Son qoyaraq illər boyu

Sınıq qəlbdə gəzdirdiyim

Bu oyuna.

Elə bu da sevmək imiş...

 

Nərmin Nöqtə

20 aprel 2017
GO BACK