Yuxu deyil gözlərimi
Yummağa səbəb.
Xəyal qurmaq peşəsinə
Yiyələndim.
Yuxu görmədiyim gecələrdə.
Xəyal qurmaq,asan peşə
Deyil,yuxusuz gecələr...
Ömürdən anlar alar
Atar mavi dənizə.
Dəniz xəyal dolar,
Dalğalanar...
Rəngi qaçar,dondan-dona girər.
Hər gecə başqa libas olar əynində.
Bakı küləklər şəhəridir
Bilirsən,gah o yana,gah bu yana əsər.
Şərqə əsər,dalğalanan bayraq kimi.
Tüstülənən qəlyan hopar dörd divara,
Qəzəl deyib,xalça hörər
O dənizin xəyal quran adamları.
Şimaldan da,cənubdan da əssə belə,
Fayda olmaz,qırılmaz ki,
Tikanından qan qoxan dəmir məftil.
Ya aşarmı lal axır deyilən,o dilsiz çay.
O tayda xəyal quran adamlar yox.
Bu taydasa yarı oyaq,yarı yuxulu
Xəyal quran ,xəyalları borularla
Qərbə axan,
Adamlar .
Borudakı ,dənizin dalğalarıdı.
Vədəsi çatanda lüt qalacaq ,
Xəyal dolu,dəli dəniz.
Qütbsüz,sonsuz...
Xəyal qurmaq ,
Tarix olmaq yox,
Tarix yaşamaq
Asan peşə deyil.
Lamiya Mardan