Tanrılar dizinə döyür, yolur saçını mələklər
At əvəzi it oynadır küçədə kefli küləklər
Boş-boşuna cırıldayır, yellənir boş yelləncəklər
Səbəb: gedənlər getdilər, bir daha dönməyəcəklər
İldırım yumruqtək dəyir, gecənin yırtıq köksünə
Bir vaxt ərşə çəkilənlər qayıdırlar yer üzünə
Doğmalıqlar yoxa çıxıb, hamı ögeydir özünə
Vurnuxur qorxu içində yalqızlar, tənhalar, təklər
Səbəb: gedənlər getdilər, bir daha dönməyəcəklər
Zühurlar…qiyamətlər…qeybolmalar… fanilər…
Qarışıb bir-birinə əbədilər, anilər
Qurbanlar caniyə dönüb, qurban olub canilər
Zalım olub mərhəmətlər, köməksiz qalıb köməklər
Səbəb: gedənlər getdilər, bir daha dönməyəcəklər
Açılıb sirlərin üstü, quma dönüb nə ki daşmış
Nə gələn varmış, nə gedən! Qəbirlərin içi boşmuş
Dünya ər-arvad dünyası – sevgiləri əldən düşmüş
Cocuğu yerdə iməklər, Tanrısı göydə iməklər
Səbəb: gedənlər getdilər, bir daha dönməyəcəklər
Günəş içində gəzdirir ən əbədi qaranlığı
O taydan bir quzu səsi titrədir boz dumanlığı
Bu səs – itkinlik fəryadı, həm tapılmaq gümanlığı
Hardasa bir ac canavar şöngüyüb qismətin bəklər
Səbəb: gedənlər getdilər, bir daha dönməyəcəklər
Nəhəng bir dağ da laxladı, aşdı göydə tozu qaldı
Qayalarının altında zirvə adlı arzu qaldı
Dünyanın qanı qurudu, nə qurd, nə də quzu qaldı
Qarışqalarda əzildi. Sındı ən kiçik dirəklər
Səbəb: gedənlər getdilər, bir daha dönməyəcəklər
Aqşin Yenisey