Öyrəşmişəm hər kəlmənə, sözünə,
Əyrisinə, hədyanına, düzünə,
Ürəyinin yarasına, közünə,
Səbəb ola, ola neştər, ola ox.
Yox, itirmək istəmirəm səni, yox.
Əməlinin ağır ola əzabı,
Ağrı verə, bilinməyə hesabı.
Günahım nə? – sualına cavabı
Tapmamaqla peşman qalam xeyli, çox,
Yox itirmək istəmirəm səni, yox.
Açsam ağız kükrəyəsən, coşasan,
Söyləsən nə şər-şəbədə qoşasan.
Ən saf, ülvi istəyimi boşasan
Həm ac məni, özünüsə gözü tox,
Yox itirmək istəmirəm səni, yox.
Rəhm etməyib verməməklə heç aman,
Endirəsən gözlərimə çən, duman,
Bu halıma yerlər, göylər, asiman,
Ağlasa da tükənməyə hədə, xox.
Yox, itirmək istəmirəm səni, yox
Dözdüm, yoxmuş zillətində son qədər,
Dözdüm, hopdu varlığıma qəm, kədər,
Dözdüm, etdin həyatımı sən hədər.
Barı nə olar yaradandan azca qorx,
Yox, itirmək istəmirəm səni yox.