Qadin.NET / Ana nəsihəti

Ana nəsihəti

 

Ana nəsihəti

 

Körpə balam,

sənə lay-lay demirəm,

həmişə ayıq yat.

Ətrafında

dünənini unudub,

sabahını görməyən

yuxuluları da oyat.

 

İşığım mənim,

Evimin nuru olma təkcə,

hərdən uzaq, boz daxmaların da

lampasını yandır.

Günəş ol, balam,

dünyamızın qaranlıqlarını

işıqlandır.

 

Ürəyim balam,

bəbələri ağlara, qaralara bölmə,

çörəyini böl onlarla.

bir də ürəyini böl

bir ovuc sevgiyə

möhtac olanlarla.

 

Bacarsan ümid ver insanlara,

quzum,

sevinc gətir.

Çaşma dərd görəndə,

kədər hamının ünvanını bilir.

 

Düşmən sipəri oğlum,

torpağı canından çox sev,

kimsəylə paylaşma.

Mübariz ol, amma rəhmsiz olma.

Gül də yığ bəzən

daş yığdığın balaca ovucuna.

 

Gözümün nuru,

haqqa tapın yalnız,

haqqı qoru.

Haqsızlıq görəndə susma.

Azad ol, oğul,

Allah hər zaman səninlədir,

unutma.

23 iyun 2011
GO BACK