Qadin.NET / Təzadlı dünya...

Təzadlı dünya...

 
Təzadlı dünya...

Təzadlı dünya

 

Bu gecə bir bəxtdə işıq yanırsa,

Birinin işığı əbədi sönür.

Biri xoşbəxtlikdən alovlanırsa,

Biri kədərinin külünə dönür...

 

Bu gecə birisi qara bağlamış,

Başqası bəyaza bürünmüş bütün.

Biri taleyinə gizlin ağlamış,

Birisə təbəssüm saçarmış bu gün...

 

Bu gecə bir ürək sevinc paylayır,

Biri kədərində yıxılıb qalıb.

Bir canı xoşbəxtlik hey haraylayır,

Birində bədbəxtlik yurd-məskən salıb...

 

Bu gecə ayrılır bədəndən bir ruh...

Bir yanda yeni bir körpə doğulur...

Bir evdə çadırlı bir yas qurulub...

Birində sevincdən nəğmə oxunur...

 

Bu gecə birisi xoş xəbər alıb,

Birisi xəbərdən olub pərişan.

Birinin bu gün bir dərdi azalıb,

Birinə yeni dərd verib Yaradan!

 

Bu gecə bir aşiq qəm dəryasında,

Başqa bir sevənsə xoşbəxt günündə.

Biri məhəbbətin qəmli yasında,

Birisə baş əyir sevgi önündə...

 

Bu gecə, hər gecə gülsün ürəklər,

Bu həyat hamıya gülərüz olsun.

Bizə ümid versin güman, gərəklər,

Bütün həyatımız gülüşlə dolsun!!!

6 iyul 2011
GO BACK