Qadin.NET / Çətir

Çətir

Çətir

Çətir

Çətirin altında bir qadın gördüm,

Ədayla-işvəylə yolla gedirdi.

Yanında bir kişi çətiri tutub,

Baxaraq qadına söhbət edirdi.

***

Mən isə arxadan gəlirdim səssiz,

Qadının başının üstündə çətir.

Kişiysə islanır yağan yağışdan,

Damlalar üzünə, başına səpir.

***

Yarandı başımda belə bir sual,

Görəsən hansıdır onlardan üstün?

Qadınmı, gedərək çətir altında,

Kişimi, islanmış üst-başı bütün?

 

***

Sözsüz ki, kişinin diqqəti bəlli,

Qadından islanmış üzünü gizlər.

Qadını naz edib baxaraq ona,

Təbəssüm edərək, məhəbbət gözlər.

***

Yağışdan qorunan ədalı qadın,

Diqqətə layiqdir sanar özünü.

Bəs görən şəxsini düşünən zaman,

İslanmış simadan çəkərmi gözün?

***

Mən isə onlara diqqət edirdim,

Nə kişi, nə qadın, nə eşq ətiri?

Qoyaraq kənara mən hər bir şeyi

Düşündüm islanan qara çətiri.

***

Görəsən olmasa islanmış çətir,

Yaramaz bir işə qadın ədası.

Kişinin yaş olmuş siması heçdir,

Çətirsiz nədir ki, bunun faydası?

Fərid Abdullah Rəşid 

4 mart 2017
GO BACK