Geyindim-keçindim, gedirəm evə,
Qayıdım gəldiyim nöqtəyə sarı.
Eşikdə yağışdı, bilirəm amma,
Nə edim, yandırır ev intizarı.
***
Üst-başım yaxşıdır, hazırlığlıyam,
Qorxmuram yağışdan, əsən küləkdən.
Papağım, şərfim həm, kip ayaqqabım
Çıxaram hər cürə hiylə-kələkdən.
***
Qapını açaraq çıxaraq çölə,
Gördüm heç vecimə deyildir soyuq.
Amma ki, bir az yol getdikdən sonra,
Gördüm vay, o məndən düşübdür duyuq.
***
Quru, həm işıqlı yollarla gedib,
Çatmaq istəyirdim gözəl evimə.
Kənardan yaş olmuş insanlar görüb,
Almırdım onları mən heç vecimə.
***
Yolun ortasına çatarkən birdən,
Gördüm ki, mən onlar kimi tey yaşam.
Üst-başım, şalvarım, papağım belə,
Yaş olub, əsəbdən istədim coşam.
***
Bu nədir, kip olan bu ayaqqabım
Açıbdır palçığa yekə bir qucaq.
Ay Allah, mən oldum hamı tək, amma
Görəsən axırım necə olacaq?
***
Bir az da gedərək gördüm ki, yaman
Məhv olub getmişəm yağış əlindən.
Corabım islanıb, alt paltarım da
Ah çəkdim, özü də yaman dərindən.
***
Əvvəlki halımdan qalmadı əsər
Mən yaman bu hala öyrəşdim artıq.
Palçıqdan, yağışdan qorunan zaman
Dözmədim, mən özüm olmuşam palçıq.
***
İlk əvvəl palçıqdan uzaq gəzərdim,
Təchizim zəifmiş bilməmişəm mən.
İndisə təmizlik görüb qaçıram
Olmayım ağlıqla mən qara düşmən.
***
Gülürəm, mən təmiz idim, o palçıq
İndisə əksinə, kirləndim yaman.
Yuyaraq bu yağış pak etdi onu,
Palçıqlı mən qaldım dilədim aman.
***
Heyif ki, evimə qayıdan zaman
Mən təmiz qalmadım, kir içindəydim.
Çıxanda təmizdim, indisə heçəm.
Bu kirlə hədəfin belini əydim.
Fərid Abdullah Rəşid