Qadin.NET / Bircə məni xatırla

Bircə məni xatırla

Gedirəm bir gəlbi sevindirməyə


 Çəməndə çiçəyəm, sünbüldə dənəm,

 Sevgidə, sevinçdə dağlara tənəm.

Dünyanin ən xoşbəxt adami mənəm,

Gedirəm bir gəlbi sevindirməyə.

*****

 İçimdə işiq var, ulduz var, Ay var

Ruhumda çağlayan bir deli çay var,

Könlümdə Allahın verdiyi bir pay var,

Gedirəm bir gəlbi sevindirməyə.

*****

Nə həsrət, nə də ki qəm aparıram,

Nə də kirpiyimdə nəm aparıram.

Quşam, dimdiyimdə yem aparıram,

Gedirəm bir gəlbi sevindirməyə.

*****

Ay  sevinc aparan, ayaqyalın qaç,

Ümid gözləyənin qapısinı aç.

Dərdə dərman olub, ağrıya əlac,

Gedirəm bir qəlbi sevindirməyə.

*****

Ucaldıb başları, uca gedirəm,

Düşsəm də zəhmətə, borca gedirəm.

Elə bil Kəbəyə, Haca gedirəm,

Gedirəm bir qəlbi sevindirməyə.

*****

Hər könül bir dünya, bir Kainatdı,

Gedirəm dünyanı sevindirməyə,

Gedirəm həyatı sevindirməyə.

Gedirəm sevgiyə könül bağlayan

Bütün  Kainatı sevindirməyə!

 

 

Bircə məni xatırla

 

  Ömrü günü uzun olsa həsrətin

Göz yaşinda bir çəmənə xatirla.

Çiçəkləri şeh görməmiş saralan

Solub gedən bir çəməni xatirla.

Dağlarıma gün yerinə çən düşüb

Xinalı daş kəkliyindən gen düşüb

Kimin görsən saçlarina dən düşüb

Bircə məni, bircə məni xatırla.

Sevən də çox, sevilən də, atan da

Bu dünyada üzən də çox, batan da.

Səksəkəli quş yuxusu yatanda

Bircə məni, bircə məni xatırla.

Mənim gözüm işarədə himdədi

Eşqim ruhum sən çaldığın simdədi.

Desələr ki, fil dözümü kim dədi

Bircə məni, bircə məni xatırla.

Həm çörəyin, həm duzunam mən sənin

Həm qismətinəm, həm ruzunam mən sənin.

Baharınam, Novruzunam mən sənin

Yaşıllaşan bir səməni xatirla

Bircə məni, bircə məni xatirla.

Can üşüdən süküt görsən ağlama

Ağlar qalmiş bulud görsən ağlama

Çiyinlərdə tabut görsən ağlama

Bircə məni, bircə məni xatırla.

Ey  Allahın göydən gələn pərisi!

Soyulsa da şairlərin dərisi

Bil ki bu mənəm, min illərin dirisi

Amma, sən də ...

Bircə məni, bircə məni xatırla!

Zəlimxan Yaqub


15 dekabr 2016
GO BACK