Qadin.NET / Üzdə Bilmədin

Üzdə Bilmədin

Üzdə Bilmədin

Səndən gizlədiyim o qəm qüssəni
İçimdə saxladım, üzdə bilmədin
Sənsiz günlərimdə gözlərim qanlı
İçimdə ağladım, üzdə bilmədin

Heç vaxt unutmadım sənin adını
Bəzən hüzn ilə çəkdim adını
Üzümə açılan hər bir qapını
İçimdə bağladım, üzdə bilmədin

Yarayla doludur şair kürəyi
Tənhadır, yoxdur ki, bircə köməyi
Daxildə parlayan tənha ürəyi
İçimdə dağladım, üzdə bilmədin

 

Ölsəm Ağlama

Ağlayır gözlərim uşaqlar kimi
Qəlbim artıq köhnə çıraqlar kimi
Həyata dözməyən qorxaqlar kimi
Bir gün gözlərindən itsəm ağlama...

Təəssüf ki, döngələr vardı yolunda
Sağda ağlayanlar güldü solunda
Bu yolun uçurum vardı sonunda
Tək çıxış ordadır, getsəm ağlama...

Bəlkə də xəta var, bəlkə yanlışam
Onsuz da həyatda çox yanılmışam
Sönüb ümidlərim tənha qalmışam
Ölmüş ümidlərlə ölsəm ağlama...

Qaralmış gözümdə rənglərin tonu
Hər gün göz yaşımdan gedir milyonu
Onsuz da məzardı hər kəsin sonu
Vaxtından çox erkən köçsəm ağlama...

Nicat Tağızadə

11 sentyabr 2016
GO BACK