Saat
Saat, qocaltdın bizi
Geri ver ömrümüzü.
Əqrəblər son mənzilə.
Sanki ötürür bizi.
Bu dünyaya gələni,
Saatla böyüyürük,
Yamanca qovur bizi
Onunla yüyürürük.
Saat alıb əlimdən
Ötən xatirələri,
Vaxt olmur bir düşünəm,
Ötüb keçən günləri.
Dedim:- Saat, əqrəbin,
Heç geri işləyərmi ?
Dedi: - Sənin ürəyin,
Əksinə döyünərmi ?
Dedim:- Hünərin varsa,
Sən dur , mən yaşayanda.
Nə vaxt ürəyin dursa,
Dedi , duraram onda.
Mən susdum, o susmurdu,
Nə qəribə oyundu,
Ömrümün sonunadək,
Saat məni qovurdu.
Saat istəyirəm mən,
Amma ki, bomboş olsun,
Zaman elə ötsün ki,
Vaxtım mənə xoş olsun.
Ömür quş təki ötər,
Məhkum olsaq saata,
Saatsız ötüşənlər,
Nə xoşbəxtdir həyatda.
Xoruz
Oxuyurduq bir zaman,
Ay pipiyi qan , xoruz.
İndi forslanıb yaman,
Eyləməyir, ban xoruz.
Güdür təmənna xoruz.
Deyir ki, istəməyir,
İndən belə banlamaq.
Daha sərf eyləməyir,
Obaşdannan oyanmaq.
Fikri müəmma xoruz.
Asan bir iş axtarır,
Ki, çəkməsin əziyyət.
Nə isə , banlamağa ,
Heç kəs verməyir qiymət.
Dəyişdin, əmma xoruz.
Deyir banlamaq üçün,
Bir cihaz verin mənə,
Səhər oyanmaq üçün
Bu işi görsün toyuq.
Belə korlanma, Xoruz.
Bəli, bu minval ilə,
Xoruz yolunu azdı,
Özgə toyuqlarına
SMS, filan yazdı.
İşləri qan-qan xoruz.
Bu söz-söhbətdən sonra,
Toyuq hinə gəlmədi.
O da dəyişmək üçün,
Kirayə hin istədi.
Yazıq, zavallı toyuq.
Pərvanə Alxaslı