Kölgələr
Arxamca sürünüb solğun inadla
Titrədir ruhumun kökünü kölgəm.
Süzülür cismimdən kirli təzadlar,
Çəkir səhvlərimin yükünü kölgəm.
Kiçik kölgələrdən cəm oldu bəşər,
Birlik üzərinə şəfqət ələndi.
Amma zaman-zaman azad könüllər
Sirli kölgələrlə əhatələndi.
Bu, heç tükənməyən mübarizədir,
Həzin dalğalanır qürurun səsi.
Bəlkə təəccüblə məyus olur Yer
Üstünə düşəndə Ayın kölgəsi.
Zülmət başlanğıcdan səbəbsiz istək
Şəffaf arzulara çevrilib gedir.
Rənglər oyununun son qərarı tək
Qara kölgələrdir bitdiyimiz yer.
İzsiz düşüncənin yoxdur hacəti,
Ömür bir əsldir, kölgəsi məzar.
Bəzən doğma olur bir həqiqəti:
Kölgəsiz gerçəyin nə mənası var?!
Səbuhi Şahmursoy
Gecən Xeyrə
Küləylərin içində, kim bilir neçə itkin pıçıltı var...
Necə də məhkum edib uzaqlar bizi tənhalığa...
Elə unutmusan ki məni...
Nəfəs almağıma da utanıram...
Elə xatırlayıram ki səni...
Hələ də, göz yaşımsan...
Darıxmayan hardan bilsin axı ?
İçki nə, sigaret nə...
Gecə yarısı...
Bağırmaq, içində...
Saatın tıkkıltıları ürək döyüntülərimi gücləndirir...
Elə bil gecikirəm nəyəsə...
Nəsə etməliyəm elə bil...
Baxçaya qaçmalıyam...
Qışqırmalıyam ki, çıxarmayın məni ordan...
Ya da məktəbə qayıtmalı...
Kəsilib imtahandan, heç, tələbə də olmamalıyam...
Sənə çatmamalıyam...
Səninlə rastlaşmamalı...
Salamlaşmamalı...
Yaxınlaşmamalıyam...
İşimi gücümü atıb arxanca qaçmamalı...
Səhərə qədər telefonda, yuxuma haram qatmamalıyam...
Saatın daşı zəifləyir ? Yoxsa ürək döyüntülərim azalır ?
Başımda da küt ağrı...
Sigaretimi söndürüb, Gecən xeyrə deyirəm...
Sənə...
Gecən xeyrə...
Mən də xeyrə qarışıb gözlərimi yumuram...
Deyəsən, sonu olmayan yuxulardan birinə gedirəm...
RoyaL Qabarov