Mənim ömür vərəqlərim,
Bu gün gəlin mənə sarı.
Boynunuza sarılaraq
Açım sizi varaq-varaq.
İllərimin yaddaşısız.
Xatirələr yığnağısız.
Mənim ömür vərəqlərim,
Anamın xoş laylaları sizdə qalıb.
Uşaqlığın xoş günləri,
Xoş anları sizdə qalıb.
İlk addımım, ilk dərs günüm
və nəhayət,
Son zəngimin sədaları sizdə qalıb.
Tələbəlik illərinin o şirinli,
O acılı anıları sizdə qalıb.
Mənim ömür vərəqlərim,
Şair olmaq istəyirdim.
Olammadım.
Şeirlərim kəlmə-kəlmə
Məhbus oldu köksünüzdə.
Qıfıllandı.
Açarını tapammadım.
Qısqanclığın ayağında
Tapdalandı arzularım.
Yenilmədim.
Qürurumun əllərindən
Möhkəm-möhkəm tutub sıxdım.
Bir kimsəyə vermədim.
Məğrurluğum addımımın
Gözü oldu, sözü oldu.
Həyat mənə bir dərs oldu,
Qalib çıxdım imtahandan.
Mənim ömür vərəqlərim,
Deyirlər ki, yüz yaşa sən.
Saydım sizi əllisiniz.
Dayanmışam tarazlıqda.
Solum əlli..
Sağımdasa heç bilmirəm neçəsiniz?!
Səhər ertə pozulacaq tarazlığım.
Açılacaq təzə varaq.
Yazılacaq təzə yazım.
Mən kiməm ki nəsə yazım?!
Mən dünyaya gəlməmişdən yazılıbdır alın yazım.
Bəlkə ömür günəşimin qürub çağı bu vərəqdə..
Mən bilmirəm.
Bəlkə elə düyünlənmiş arzularım açılacaq bu vərəqdə
Mən bilmirəm.
Bəlkə...
Bəlkələrin sayı çoxdur.
Açmasısa hələ yoxdur.
Mənim ömür vərəqlərim,
Enin artıq xəyalımın qanadından.
Gecdir daha, vidalaşaq.
Boynunuza sarılaraq
Örtüm sizi varaq-varaq..
Qayıtma
Təzədən ömrümə nahaq gəlmisən.
Sən ki,söz vermişdin gəlməyəcəksən.
Gedəndə deyirdin yalan sevmişəm
Deməli indi də sevməyəcəksən.
Qayıt, o gəldiyin izinlə qayıt
Qayıt, deyəcəyin sözünlə qayıt
Bir gün kəsiləcək dilinlə qayıt
Ömrümə, günümə daha qayıtma
Öldü bu məhəbbət bir də qayıtma.
Məhəbbət yalanı sevməz-bilirsən .
Məhəbbət yalana dözməz-bilirsən .
Əbədi məhəbbət ölməz-bilirsən.
Əbədi yalanmış daha qayıtma
Öldü bu məhəbbət bir də qayıtma.
Əzəldən kaş səni heç görməyəydim
Sənə könül verib heç sevməyəydim
Səni ürəyimdə gəzdirməyəydim
Sildim həmişəlik daha qayıtma
Öldü bu məhəbbət bir də qayıtma..
Bu sevgi yolunda tək qalacaqsan
Aldadıb cəzasız qalmayacaqsan.
Bir gün öz odunda kül olacaqsan
Oyna öz külünlə daha qayıtma
Öldü bu məhəbbət bir də qayitma..
Müəllif: Nəcibə Vüsal