Gecə qaranlığında
Qapanaraq
öz səssiz-səmirsiz otağına,
Qısılaraq
buz nəfəsi duyulan yatağına
Tənha qızlar ağlayır...
İki sevən əl-ələ
gəzərkən küçələrdə
Kimsəsiz hücrələrdə
Tənha qızlar ağlayır...
Bir şirin sözə möhtac,
Bir doğma üzə möhtac,
Bir sevən gözə möhtac,
Tənha qızlar ağlayır...
Yaş axan gözlərin dərinliyində
yuva salıb gizli kədər.
Gecədən
ta sübhə qədər
Tənha qızlar ağlayır...
Ürəkdən gülməz bir gün,
Həmişə
qəlbən bədbin,
Daim
həyatdan küskün
Tənha qızlar ağlayır...
Bir kəsə verəcəyi sevgisi –
qəlbdə dustaq,
Bir kəsə deyəcəyi sözləri –
dildə dustaq.
Ümidi, arzuları, eşqi –
ürəkdə dustaq.
Puç olmuş xəyallara,
Taleyə yas tutaraq
Tənha qızlar ağlayır...
Xəyalında qurubdur
öz gəlinlik taxtını,
Qarğıyaraq baxtını
Tənha qızlar ağlayır...
İnanmır -
taleyı üzə güləcək.
İnanmır –
illərlə yol gözlədiyi
“ağ atlı şahzadə” bir gün gələcək.
Daha nağıllara inanmır qızlar,
Alın yazısını pozammır qızlar.
Gücü çatır özlərinə,
Dəm verərək gözlərinə
Tənha qızlar ağlayır...
Müəllif:Afət