Sən məni sevmisənsə...
Sən məni sevmisənsə,
Ayrılıqdan payın var.
Darıxsan baş qoymağa,
Sinəmdə çarpayın var.
Sən məni sevmisənsə,
Məndən uzaqsan demək.
Ellərin üşüyürsə,
Gündən uzaqsan demək.
Sən məni sevmisənsə,
Qayıt uzaqlarla gəl.
Qatarlar ayrılıqdı,
Gəlsən uçaqlarla gəl.
Sən məni sevmisənsə,
Darıxmağın qadını,
Bu dəlinin qadını,
Bu axmağın qadını.
Sən məni sevmisənsə,
Yox daha məni sevmə...
Necədir ?
Gözlərin gülürmü, üzün gülürmü,
Köçdüyün ünvanın, yerin necədir?
Mənimtək qadanı ala bilirmi,
Nazına dözürmü, ərin necədir?
Özünü çox üzmə başına dönüm,
Göndər mənə gəlsin qəmin, həsrətin.
Ezəldən belədir ay ömrüm-günüm,
Ömrü uzun olmur ilk məhəbbətin.
Hərdən xatırlayıb nişanda, toyda,
Doymazsan adımı əzizləməkdən.
Mənimsə gözlərim pəncərə boyda,
Böyüyər hər axşam yol gözləməkdən.
Gözləmək əbəsdir-əbəs bəlkə də,
Bu gün də xəyaldır dünən dediyim.
Bu şanlı-şöhrətli böyük ölkədə,
Tək sizin küçəymiş vətən dediyim.
Cavandıq bilmədik bir həqiqəti,
Dedilər ümüdlər sonunda ölür.
Bütün oğlanların ilk məhəbbəti,
Qızların gəlinlik donunda ölür...
Vasif Zöhraboğlu