Vətən
Danış mənimlə, vətən,
Agah elə özünü.
Danışır hamı səndən,
Göstər mənə üzünü.
Söylə mən biçarəyə
Nədir səndəki dəyər?!
Qəhrəmanlar bəs niyə
Uğrunda can verdilər?!
Çınqıllardan devrilib
Qayamısan, daşmısan?
Bəlkə selə çevrilib
Qəlbimizdən daşmısan?
Bir nisgilim var ancaq,
Bunu deyim biləsən:
Həddindən çox utancaq
Və sadəlövhsən, vətən.
Toxun mənə, bilim ki,
Mənim də vətənim var.
Qəriblik hiss edərmi
Vətənində olanlar?!
Nəcib əsilli vicdan
Yaratmış olsa səni.
Bax, sevərəm o zaman
Anladığım vətəni.
Kölgələr
Arxamca sürünüb solğun inadla
Titrədir ruhumun kökünü kölgəm.
Süzülür cismimdən kirli təzadlar,
Çəkir səhvlərimin yükünü kölgəm.
Kiçik kölgələrdən cəm oldu bəşər,
Birlik üzərinə şəfqət ələndi.
Amma zaman-zaman azad könüllər
Sirli kölgələrlə əhatələndi.
Bu, heç tükənməyən mübarizədir,
Həzin dalğalanır qürurun səsi.
Bəlkə təəccüblə məyus olur Yer
Üstünə düşəndə Ayın kölgəsi.
Zülmət başlanğıcdan səbəbsiz istək
Şəffaf arzulara çevrilib gedir.
Rənglər oyununun son qərarı tək
Qara kölgələrdir bitdiyimiz yer.
İzsiz düşüncənin yoxdur hacəti,
Ömür bir əsldir, kölgəsi məzar.
Bəzən doğma olur bir həqiqəti:
Kölgəsiz gerçəyin nə mənası var?!
Səbuhi Şahmursoy