Qadin.NET / Bu gecə yuxuma gəlmişdi anam

Bu gecə yuxuma gəlmişdi anam

 

Bu gecə yuxuma gəlmişdi anam

 

Bu gecə yuxuma gəlmişdi anam

gözlərimdən öpürdü
saçımı tumarlayırdı
dedim ki, anacan
o dünyadan bizə bir çimdik ədalət göndər
bir tumar da xoşbəxtlik
güldü xəfifcə
dedi ki, oğlum...

 mən xoşbəxt oldum o güləndə...

getmə,
sənə bir sualım var:
görəsən Allah da mı ağlayır uşaqlar öləndə?!

budur, sevgilim, eşidirsən güllə səslərini?
qorxuram
qucaqla məni
axx, yenə savaşlar başladı
başladı
biz hardayıq?
bura Allahın yaratdığı dünya deyil 
başqadı
burda gülmək də
gülmək də yasaq!
dərdlərini sevgili kimi bağrına basıb 
için-için ağlamaq da yasaq!

sən də, heey! 
Sən də - ay əlindən topu alınan uşaq, 
ağlama!

Qalanlar gedənləri bir ömürlük sükutla andıqca 
gecələr zülmət-zülmət, gecə-gecə uzandıqca
eşidərsən ki, Tanrı söylər, Tanrı söylər:
səmanın çatılan qaşlarına - qaraqabaq buludlara and olsun
ki, yerdən narazıdır göylər.

 heç olmasa, sevgilim, heç olmasa cocuqların göz yaşları 

susuz sərçələri doyursa

heç olmasa

cəmi bir dəfə həqiqi bahar təşrif buyursa

kəpənəklər dadı ayaqlarıyla duyursa...

axx, əzizim, 

kaş səsinə toxuna bilsəm...

 

Bu gecə yuxuma gəlmişdi anam

 

Mənə qalsa doğru deyil bu sükut;

nə vergülü, nə nöqtəsi yerində.

Mənə qalsa...

sən mənə də inanma

mənə qalsa həqiqət əllərində.

Niyə aya toxunmusan, qarbəyaz?
Axı sənə demişdim ki, yasaqdı.
Sən elə bilirdin, asandı getmək?
Niyə susub dayanmısan 
nə vaxtdı?!...

Bəlkə min il keçib bu lallığından
bəlkə də ki, dünən olub, 
nə bilim...
bəlkə də ki, o kövrək ürəyində
bəlkə nəsə sınan olub, nə bilim?!

Sən susalı, dövran keçib, gün keçib
artıq yoxdu sükutuna xridar;
Mənə qalsa bu sükutlar köhnəlib
İndi yeni əlifbada susurlar.

Dərsliklərdən "sükut dili" ləğv olub
indi hamı necə gəldi susursa...

sənin dilin dəqiq susur, 
düz susur
inciməzsən sükutuna toxunsam?!

İndi susmaq dəbə düşüb, əzizim
susmaq dönüb qızıl olub, pul olub.
Sözün varsa pulunu al, 
danışma
indi sükut qazanc üçün yol olub.

Sən özün də yorulmusan, bilirəm
səssizlikdən vücudun əldən düşüb
Mənə qalsa...
aman Allah, bu nədir?!
Axx, gözəlim, "sükutuna" dən düşüb?!

Daha bəsdir, sükutunla vidalaş

qoy dilinə çiçək düzək, 

gül düzək

gecə düşüb 

darıxıram yenə mən

tez bir ovuc cümlə götür, gəl bizə.

 

Bu gecə yuxuma gəlmişdi anam

 

Get, qoy yolun açıq olsun

ey hər zülmümə dözənim!

Tərk etmək üçün çırpınan,

bircə bəhanə gəzənim!

Get, qoy yolun açıq olsun
onsuz bir gün getməliydin;
çoxdan qurduğun planı
axır icra etməliydin.

Get, qoy yolun açıq olsun
zorla gözəllik olmaz ki...

...əkdiyin gülü neynəyim?
sən getdin deyə solmaz ki..?

Yadındamı hey deyirdin:
“getsən, boş yerin dolmaz ki”

Ehh, mən də gör nə umuram
bunlar yadında qalmaz ki.

De, necə haqq qazandırdın
hansı kinlə “kəsdin” məni?
hansı səhvimlə unutdun,
hansı suçdan “asdın” məni..?!

Get, bilirəm yük olmuşdum 
bu qədər vaxtı mən sənə.
Ömründən üzr istəyirəm
təkrar-təkrar, dönə-dönə.

Get, qoy yolun açıq olsun
ey hər zülmümə dözənim!
Tərk etmək üçün çırpınan,
bircə bəhanə gəzənim!

Bu gecə yuxuma gəlmişdi anam

Kaş ki, sənsizliyə dözə bileydim
yox olub, qəlbinə od vurardım mən;
ölüm öz əlimdə olsaydı, inan
ölərdim, vəfanı sınayardım mən.

Görüm məndən sonra neyləyəcəkdin,
neçə gün yadında qalacaqdım mən?
Neçə gün mənimçün yas tutacaqdın,
neçə gün gözünə “dolacaqdım” mən?

Gözlərin neçə gün arayacaqdı
hər küçə, hər baca tinində məni?
Neçə vaxt ürəyin çırpınacaqdı
şəkildə, yuxuda görəndə məni?

Neçə vaxt diksinib “O!” –deyəcəkdin
evinin qapısı hər döyüldükdə?
Neçə vaxt özündən utanacaqdın
bir anlıq unudub məni, güldükdə?

Cəmi neçə günün gecə olacaq,
cəmi neçə gecə yatmayacaqdın;
Neçə başsağlığı yetəcəkdi ki,
məni yavaş-yavaş unudacaqdın?

Kaş ki, sənsizliyə dözə bileydim
yox olub qəlbinə od vurardım mən;
ölüm öz əlimdə olsaydı, inan
ölərdim, vəfanı sınayardım mən.

İlqar Kamil.

11 noyabr 2015
GO BACK