Xədicəm
Oyuncaqlar küsüb səndən
İncidilən əllərinə qurban olum.
Üz-gözünə bəzək verən
İpək-qara tellərinə qurban olum.
Dindirəndə bilinməyən
sirin-səkər sözlərinə ,
Güldürəndə gülümsəyən
gözlərinə qurban olum .
Xumar-xumar yatışına ,
Süzgün-süzgün baxışina ,
Kövrələndə o büzülən dodağına,
Ağlayanda gözlərinin yağışına
qurban olum.
Bir incimsən, birdənəmsən .
Xədicəmsən, gül dənəmsən.
Sevimlimsən, ilk nəvəmsən.
Sən tanrının göndərdiyi
Ən qiymətli hədiyyəmsən .
Gəlişinə qurban olum.
Mənə qayıdacaqsan!
Nə olsun ki, getmisən
Getmək unutmaq deyil.
Qarşını kəsəcəklər
mənli xatirələrin.
Qəlbinə xəncər olub
səni sızladacaqlar.
Gözlərində yaş olub
səni ağladacaqlar.
Addım-addım izləyib
səni bezdirəcəklər.
Təzə eşq sevdasini
sənə sildirəcəklər.
Sən sevə bilməyəcən.
Sən baxa bilməyəcən
başqasinin gözünə.
Orda məni görəcən .
Yuxun ərşə çəkilib
Gündə min yol öləcən.
Peşiman olacaqsan.. .....
Ağlayan söyüdlər tək
başın yerdə gəzəcək.
Sən də ağlayacaqsan.
Mənli xatirələrin
düşüb bir gün izinə
Mənə qayıdacaqsan
Mənə qayıdacaqsan.
Getmək unutmaq deyil.
Dərd döyməsin qapımızı
Böyüyərik, yaşlaşarıq.
Qayğılar da yanımızda
Böyüyərlər ,
Dəyişərlər .
Biri gələr, biri gedər
Gözlənməyən qonaq kimi,
Biri qəfil qapı döyər.
Qayğıların həbsindəyik.
Əllərimiz səbrimizin iplərində .
Bəzən bizə yoldaş olub rahatladar,
Bəzən isə qəlbimizdən daş asdırar.
Hər qayğı bir məsələdir .
Öz yolu var,öz həlli var.
Sonunda bir qiyməti var .
Yüklənmişik qayğılara
Üşüsəkdə kölgəsində,
Qızinmağa istisi var.
Eybi yoxdur
Qayğı döysün qapımızı.
Dərd döyməsin.
Dərd acıdır, dərd əzabdır ,
İşgəncədir.
Cavabsiz bir məsələdir.
Nə yolu var, nə də həlli.
Dərd ağırdır bölmək olmur
Dərd yükünü çəkmək olmur........
Müəllif: Nəcibə Vüsal