Bax
Qəlbindəkin deməyəndə nə olar?
Səndən ötrü candan keçən “lala” bax.
Əsir olub bir baxışın dalınca,
Qoyma gözlərimi yolda qala, bax.
***
Nə günahım gözəlsən ki, göz düşüb,
Gizlətmişəm neçə yerdə söz düşüb,
Həsrətindən nə zamansa köz düşüb,
İnanmırsan sinəmdəki xala bax.
***
Daş görmədim soyuq ola, necə sən,
Vaqif səndən üz döndərsə necəsən?
Nə bilirsən ürəyimdə necəsən,
Güzgüdürmü, verim, deyim, ala, bax.
Siz mənə verməyin şairlik adın
Hələ yazmamışam bir neçə sətir,
Tez mənə verməyin şairlik adın.
Hələ bir misram da saçmamış ətir,
Siz mənə verməyin şairlik adın.
***
Hörmətin saxlayaq biz bu sənətin,
Bu ad Nizaminin, Füzulinindi.
Bizdən şair olar? – çətindi, çətin,
Demirəm ki, yoxdur şairlər indi,
Bu ad Nizaminin , Füzulinindi.
Üzün yoxdursa
Gəlmə üstümə də, gələ bilməzsən,
Nəyə də gələsən sözün yoxdusa.
Qoy heç yanımda da izin qalmasın,
Mənim ürəyimdə izin yoxdusa.
***
Mənə, mən yananda yanaydın gərək,
Sən donub buz oldun, mən yandqca tək,
Özündən xəcalət çəkirsənsə çək,
Sənin bir ovucluq közün yoxdusa.
***
Uğursuz bir ömür bitdi bilmədin,
Aradan bir sevgi itdi bilmədin,
Dünyadan bir dünya getdi bilmədin,
Neynirsən axtarıb, gözün yoxdusa.
***
Mənim nəzərimdən heçnə qaçmamış,
Bir ürək çürütdün, onu açmamış.
Qoy elə ayrılaq vidalaşmamış,
Etiraf etməyə üzün yoxdusa.
***
Elə istəyərdim gül-çiçək dərim,
Hər səhər Vaqifdən sənə göndərim,
Səni ilahəyə necə dondərim,
Sənin özlüyündə özün yoxdusa..
Vaqif Hüseynoğlu Səlimov