Qadin.NET / Sonralar...

Sonralar...

Sonralar...
Ağlına gəlməyən yerdə
 Çox canlar yaxmışdın,
Sənin canını da yaxan oldu, canım...
Əvəzində,
Tac elədin onu qürurlu başına,
Soyundun qarşısında 
Ömür boyu soyunmaqdan utandığın 
İki kəlməlik 
o ən uzun cümləni.
Çox canlar yaxmışdın,
Sənin canını da yaxan oldu, canım...
Əvəzində,
Gündüzlərindən Gün,
Gecələrindən Ay,
Ruhundan can,
Ciyərindən nəfəs,
Ümüdsüzlüyündən ümüd,
imkansızlığından imkan ayırdın ,
ona bağışlamağa .
Həyatlandın səsinin qucağında, 
Günəşləndin kölgəsində.
Çox canlar yaxmışdın ,canım,
İndi səni odlayan bu közdən,
bircə ovuc əksilərsə,
Ciyərlərimə batar bu küt nəfəs,
Gülməz uzumə aynalar,
Gülməz bir də...
Mümkün olsa gizlədərdim bu dünyanı,
Ağlına gəlməyən yerdə.
Sonralar...

Sonralar …
Yaşanmış bir ömür,
işlənmış bir əşyanın qutusu kimi.
Gedilmiş yol,
izləri süpürülmüş küçələr,
Adiləşir, bütün qəribələr.
İlk dəfə məni görəndə, 
roman oxuyarkən, qəflətən,
diqqətini aparan xəyal kimi,
maraqlandırmışdım səni.
İtirmişdin özünü,
Belə deyirdin ,sonralar...
Bir elan da vermişdin - 
"Məni tapana mükafatım var." 
Nə? ...bilmirdim. 
Bilə bilməzdim,
O, mən ola bilməzdim,
tutduğu balığı 
dənizə bağışlayacaq ... 
Nuhun gəmisində də yer qalmamışdı bizə.
Sonralar...
heç bir romanda, 
rast gəlmədim özümüzə.
Unutduğum qədər xatırladım səni sonralar...
Sonralar...

Həyat
Yordum səni, Həyat,
Üz çevirsən də məndən,
düz gözlərinin içinə baxıram...
Gözlərinin dilini yaxşı bilirəm.
Rahat olsun başqasına verəcəyin könlün,
Bir öpüş də almağa qıymadım,
Başqasını sevərsən deyə...

Unut getsin!
Daha mən o mən deyiləm,
Sənin də həsrətin bitsin .
Daha nəyinə lazımam?
Əgər xatırlayırsansa,
Unut getsin!

Nazik saxladım, ürəyim soyuqladı,
Sonra bilmədim heç nə geydiyini.
Ömrüm boyu "unutmaram" dediyini,
Əgər xatırlayırsansa, 
Unut getsin !

Qoyub gəldiyim izə qayıdımmı?
O demədiyim sözə qayıdımmı?
Ürəyim də gəlmir, yolundan etsin,
Əgər xatırlayırsansa, 
Unut getsin!

Əlini üzəndən üzü bu yana,
Eləcə durmuşam , durduğum yerdə.
Yerim yaddaşından , itib, qoy itsin,
Əgər xatırlayırsansa, 
Unut getsin!

Körpələr yuxuda böyüyər , sən de ,
Könlünə yatanı belə , böyütsün.
Gözləmə ta hamı unudanacan,
Əgər xatırlayırsansa,
Unut, getsin!
Nuranə Nur
4 sentyabr 2015
GO BACK