
Tənha insan
Bax, üzümdə qırış yoxdur,
Qırışdır ömrümün yolu.
Dərd yeməkdən qarnım toxdur,
İtirmişəm sağı, solu.
Oğru qışqırır başıma,
Doğru sözü unuduram.
Dəsmal yoxdur, göz yaşımı
Gün altında quruduram.
Hər səhər durub yuxudan
Deyirəm, şükür ki, sağam.
Arxalandığım kimsə yox,
Özüm öz arxamda dağam.
Yazığım gəlir özümə,
Qəlbsizəm, qəlb yardadır.
Başımı da itirmişəm,
Tapa bilmirəm hardadır.
Ata-ana yadigarı
Adımı da unutmuşam.
Tənhalıqdan qorxa-qorxa
Mən tənha insan olmşam.

İncimişəm
Bu dünyada hamısından incimişəm,
İncimişəm taleyimdən,
İncimişəm taleyimin qismətindən...
Bu dünyada hamısına gecikmişəm,
Gecikmişəm xoşbəxtliyin qatarına,
Geciikmişəm ömrümün ilk baharına.
İncimişəm göydə yanan ulduzlardan,
Yollarıma azca işıq bəxş etmədi.
İncimişəm gur şəfəqli günəşdən də,
Hərarəti qəlbimdəki buz dağını əritməyə də yetmədi.
İncimişəm hamısından, hamısından incimişəm...
Taleyə bax! Qismətə bax!
Demə, özümdən yüz dəfə böyük olan
Dəryalarca dərd daşıyan inciymişəm.
Demə, dünyanın qəmini daşıyan bir xərəkmişəm.
Eşqin ilk nübarını dadmağa da gecikmişəm..
Dəryada qərq olan gəmim,
Nalə çəkən zilim, bəmim,
Günəş düşməyən bəxt zəmim,
Hamısından incimişəm.
İncimişəm xəfif əsən ömrümün yelkənindən də,
İncimişəm qəm ağlayan gözümün dənizindən də...
Bu dünyada hamısına, hamısına gecikmişəm...
Alnımın qəm yazısını,
Pozmağa da gecikmişəm.
Pisi yaxşı başa düşüb,
Yozmağa da gecikmişəm...
Mən bütün insanlardan da incimişəm,
Yanan qəlbimə su səpə bilməyən leysanlardan da incimişəm.
Demə, ömrümün zərinin qədrini çox gec anlayan,
Dərd çağlayan zərgərmişəm,
Odur ki, ən çox mən özüm özümdən incimişəm...
Müəllif: Günel Malıyeva