Qadin.NET / Uşaqlığım

Uşaqlığım

 

Uşaqlığım

 

Biləydim

Kədəri başından aşan insanın,

Axan göz yaşlarını silə biləydim.

Bəxtinə qara rəng boyanmışların,

Alın yazısını poza biləydim.

Nisgildən qaməti əyilənlərin,

Qəddini sərv tək ucalda biləydim.

Mərdin pis gününə namərd güləndə,

Şmşək olub göydə çaxa biləydim.

Dünyadakı riyakar insanların,

Başının hakimi ola biləydim.

Diri-diri cəhənnəmin oduna,

Onları atıb yandıra biləydim.

Yaxşıların başı hər vaxt qar olur,

Bunun səbəbini bilə biləydim.

Xoşbəxtlik paylayan gur günəş olub,

Zülmət dünyasını silə biləydim.

 

Uşaqlığım

 

Uşaqlığım

Məndən niyə küsüb getdi,

Vədəsi çatmamış getdi.

Harda qaldı, harda itdi,

Nə tez bitdi uşaqlığım.

 

Bir sehirli nağıl idi,

Mənim məsum uşaqlığım.

Göydən üç alma düşməmiş,

Hara getdi şıltaqlığım?

 

Uşaqlıq qayğısız olur,

Mən qayğılı çəkdim onu.

Arzular qayıqsız olur,

Mən içimdə boğdum onu.

 

Uşaq ikən dərd daşıdım,

Zərif çiynim xərək imiş.

Göz yaşlarımın şahidi,

O saralmış bələk imiş...

 

Bağışladım

Mən məni aldadan

 Gözü də bağışladım.

Ürəyimi yandıran

Közü də bağışladım.

 

Məni ağladan fələyi,

Mənə güc gələn kələyi,

Məni yıxan sərt küləyi,

Hamısını bağışladım.

 

Taleyimə əsən yeli,

Gözümü aparan seli

Bəxtimin bükülən beli,

Hamısını bağışladım...

 

Bağışlaya-bağışlaya

Köçəcəyəm dünyadan.

Sən də günahlarımı

Bağışla, ey Yaradan.

 

Müəllif: Günel Malıyeva

29 avqust 2015
GO BACK