Dayanacaqsız yol....
Bu yol o yoldan deyil,
Hara bizi aparır?
Getsən də, getməsən də,
Səni özü aparır.
***
Əlindən çəkib gedir,
Hayana da bilmirsən.
Nəfəsin yansa belə,
Dayanada bilmirsən.
***
Bənzəmir başqasına,
Bu yol çox qəribədir.
Bilmirsən ki qarşında,
Səni gözləyən nədir.
***
Küçə deyil, tin deyil,
Gəzəsən, dolanasan.
Qayıtmaq mümkün deyil,
Bircə addım çaşasan.
***
Nə geciksən, gecikə,
Nə tələsə bilərsən.
Nə bir qarış uzada,
Nə də kəsə bilirsən.
***
Bilmirsən ki azalıb,
Oyanıb səhər erkən.
Donuram çaş-baş qalıb,
Bu yolu düşünərkən.
***
Belə də yol olarmı,
Haqqın yox dincəlməyə.
Barı heç olmasaydı ,
Onu getməyə dəyə.
***
Bircə başlanğıcı var,
Bircə də dayanacaq.
Bir gün gəlir çatırsan,
Xəbərin olmur ancaq.
Uzaq sənnən
Gəl quş olaq, qanadlanaq,
Bu dağlarda azaq sənnən.
Hər daşına, qayasına,
Min xatirə yazaq sənnən.
***
Bir arzuyuq, bir diləyik,
Ayrı düşsək ah-naləyik.,
İnanmıram əl-ələyik,
Bir yuxudur, yozaq sənnən.
***
Getsən Vaqif ağlar-ağlar,
Kövrək qəlbin həsrət dağlar,
Miras qalar sənsiz dağlar,
Uzaq sənnən, uzaq sənnən.
Ana
İlk məhəbbət ələ düşməz deyirlər,
Yüz axtarıb, soraq salsam hayana.
Gözəllərin ən gözəlin sevsəm də,
İlk sevdiyim yenə sənsən, ay Ana.
***
O qədərdir, mənə qurban deyənlər,
Gözlərimdən getmə bir an deyənlər,
Yana bilməz mənə can-can deyənlər,
Sən yananın yüzdə birin , ha yana.
***
Kimsə məni səncə duya bilmədi,
Gözlərindən gözüm doya bilmədi,
Yanaqların bəzək, boya bilmədi,
Qurban olum ismətinə, hayana,
Ilk sevdiyim vallah sənsən, ay Ana.
Vaqif Hüseyn oğlu Səlimov.