Gəlmə
Gəlmə mehribanım ,gəlmə əzizim,
Gəlmə, gözlərimin didəsi , gəlmə.
Daha öyrənmişəm sənsizliyinə,
Sənki, gedəsisən, gedəsi, gəlmə.
***
Nə sən sən deyilsən, nə də mən mənəm,
Özgəyik xatirə dəftərimizdə
Sən necə gözəlsən, mən necə şənəm,
Kağızca etibar olmayıb bizdə.
***
Gəlmə, xəyallardan enim yerimə,
Seyrəlib həsrətin dumanı , çəni.
Gəlmə, görəcəksən mənim yerimə,
Bir qoca bükülüb gözləyir səni.
Xəsis təbiət
Xəsis təbiətin verdiyi paya,
Bir ömür nədirki, neyləyəsən də.
Vaxta ha yalvar ki, ayaq saxlaya,
O karvan deyil ki, eyləyəsən də.
***
Mənalı, mənasız keçən günlərim,
Ayların , illərin sayından çıxır.
Acı göz yaşıda içən günlərim,
Bir qırıq ömürün payından çıxır.
***
Ömrün baharından gözün doymamış,
Bir də görürsən ki, qışı gəlibdir.
Bir qarğa ömrü də bizə qıymamış,
Onun nəyindənsə xoşu gəlibdir.
Dindirməyin
Dindirməyin, qəribəyəm,
Ağladacam, güldürəcəm.
Yarı sevinc, yarı qəməm,
Yarı-yarı böldürəcəm.
***
Nə açıram, nə bükürəm,
Qəm biçirəm, qəm əkirəm,
Nə bilirsiz nə çəkirəm,
Nəyinizə bildirəcəm.
***
Bu dünyada nə gəzmişəm?
Zülüm verib mən dözmüşəm.
Kədərindən də bezmişəm,
Yaxın gəlsə, öldürəcəm!
Vaqif Hüseyin oğlu Səlimov