Səni tərk etmək də olmur
tək qoyub, getmək də olmur
neynirəmsə əfv edirsən
bəzən incitmək də olmur...
Bu nə sevgidi, nə nifrət?!
Ağıl susqun, ürək həsrət
neyləmisən sən, ey afət
gözündən itmək də olmur.
Səni bölə də bilmirəm
Sənə gələ də bilmirəm,
Sənsiz ölə də bilmirəm
cəm də olmur, tək də olmur.
Həyat çox səssizdi sənsiz
xəyallarım bezdi sənsiz
Sənsiz çox qəlizdi, sənsiz
qəlbi öyrətmək də olmur.
Çarəm nədi? –qaşqabaq
xatirələri daşlamaq...?!
Sənsiz yenidən başlamaq
Sənsiz heç bitmək də olmur.
Min kəs dəyişmək istədim
yolumda ağrı hiss etdim
Həyatdakı bu tutduğum-
rolumda ağrı hiss etdim.
Ayaq-ayağa dolaşdı,
canım yıxılmaq istədi
Özümü göydə tutmaqdan
qolumda ağrı hiss etdim.
Yükünü üstümə yıxdı-
“Həyat” adlı tanıdığım
Kürəyimdə daşıdığım
çulumda ağrı hiss etdim.
Üzümə çırpılan dərdlər,
keçib ürəyimi deşdi.
Fələk sağımdan vursa da,
solumda ağrı hiss etdim.
Yaşamaq çətin olsa da
hər şeyini gözə aldım.
“Allah üçün ölüm”dən çox-
“Olum”-da ağrı hiss etdim.
İlqar Kamil