Qadin.NET / İbrət dərsi

İbrət dərsi

Əziz Qadın.Netli-lər! Bu xəbərimdə sizə iş yerimdə rastlaşdığım kiçik bir hadisəni danışacağam. Bu hadisə bəlkə də indiyə qədər gördüyüm ən ibrətamiz hekayə idi. Bilirəm ki, çoxunuzun uşağı qarşısına qoyulan yeməyi yemir, "yenə bu yemək?", "məgər bilmirsən ki, bu yeməyi xoşlamıram?", kimi cümlələr qurur. Ancaq bəzi uşaqlar var ki, onlar qabağına qoyulan dadsız, duzsuz yeməyi belə iştahla yeyir. Bax, belə uşaqlardan biri də balaca Əlidir. Əli may ayının 20-si xəstəxanamıza qonaq oldu. Yolda aclıqdan ürəyi getmişdi. Sağalandan sonra isə bizə öz həyat dramını danışdı.

İbrət dərsi

"Salam, mənim adım Əlidir. 7 yaşım var. Ancaq yaşımın qaldıra bilməyəcəyi hadisələr yaşamışam. Mən xoşbəxt və kiçik bir ailədə yaşayırdım. Atamın pis-yaxşı bir işi vardı. Birtəhər dolanırdıq. Son zamanlar isə gülərüzlü, xoşsifətli, şövkətli anamın halında bir az dəyişiklik var idi. Axır vaxtlar yaman qəmgin və əsəbi olmuşdu. Özü də həmişə məndən qaçır, sanki mənimlə üzləşməkdən qorxurdu. Hətta həmişə xoş danışdığı gəlinbacımı qablarından birini sındırdı deyə bərk azarladı. Anamın bu halı hamıdan çox məni üzürdü . Axı mən anamı çox sevirdim.

Bir gün qonşudan bir xala gəldi və əlində çoxlu ərzaq, şirniyyat gətirmişdi. Anam onu içəri dəvət etdi və mənə mətbəxə getməyi tapşırdı. Lakin mən səssizcə onları dinləyirdim. Qonşu qadın anamdan atamın işi barədə xəbər aldı. Sonra anamın danışdıqları hər şeyi aşkar etdi...

Anam deyirdi: Deyəsən çıxaracaqlar onu işdən. Bəlkə bu gün sonuncu iş günüdür. Uşağa nə deyim heç bilmirəm. Hər gün ondan qaçmaqdan, gizlənməkdən yoruldum. Qaçıb gedirəm ki, məndən yemək istəməsin, qaçıram ki, onunla üz-üzə gəlməyim. Bilmirəm ona necə deyim ki, yemək yoxdur. Necə başa salım onu. Axı o hələ çox kiçikdir. Anlamaz, üzülər.

Anamın bu sözləri mənə təsir etmişdi. Gör bu yaşımda mən nələr eşidirdim. Dözə bilmədim. Evdən çıxıb uzaqlara qaçdım. Gedib ağladım o ki var. Birtəhər sakitləşə bildim. Anam buna görə qaçırmış məndən. Buna görə gizlənirmiş. Çünki, atam işdən çıxarılmışdı və artıq evə ərzaq ala bilmirdi.

Sonralar biz daha pis vəziyyətə düşdük. Atamın borc almadığı adam, kredit götürmədiyi bank qalmamışdı. Axırda polislər gəldi və atamı həbsə atdı. Anam isə bir müddət sonra evi satdı. Artıq daha kiçik koma kimi bir yerdə yaşayırdıq. 

İbrət dərsi

Bu ev isə qonşudakı Əkbər dayının toyuqlarını saxladığı ev boyda idi. Lap balaca. Anam bu evin nəmişliyinə tab gətirə bilməyib xəstəliyə tutuldu. Ancaq mən ona kömək edə bilmədim. Anam gözlərimin qabağında öldü. Özü də öləndə mənə dedi ki, nə olursa olsun heç kəsə əl açmayım. Mən anamın nə demək istədiyini anlamasam da başımı yırğaladım. Sonralar çox ağladım, çox kömək istədim, amma tək qaldım. Lap tək. "

Balaca Əlinin yeməyindən narazı olan dostlarımıza da bir mesajı oldu təbii ki. O dedi ki: " Nə zaman önünüzə qoyulan yeməyi bəyənməsəniz, yemək istəməsəniz, yemək seçib ananızı incitsəniz, məni xatırlayın. Məni və mənim kimi ac qalan kişik yaşlı uşaqları.

Bizim kimi uşaqların deyil, yemək seçməyə, bəzən sizin bəyənmədiyiniz yeməkləri yeməyə belə imkanımız yoxdur, dostlarım. Ananızı heç vaxt incitməyin. Çünki o əziyyət çəkib sizin üçün yemək hazırlayır. Məni də heç vaxt unutmayın. Mən və mənim kimi uşaqlar əldən ayaqdan uzaq yerlərdə, yoxsul kəndlərdə yaşayırıq."

Bu hekayədən sonra özümə söz verdim ki, böyük olsam belə bir daha nəinki yemək barədə, həyatımda baş verən heç bir hadisədən şikayət etməyəcəyəm.

6 iyul 2015
GO BACK