Ya düzəlsin, ya da dağılsın bu dünya!
Hanı haqq, hanı ədalət?!
Hanı düz, hanı həqiqət?!
Ölüb haqqın mərd anası,
Sınıb vicdanın aynası!
Sən zamanın gərdişinə,
Sən fələyin çarxına bax!
Sən fələyin yer üzünə,
Çəkdiyi qəm arxına bax!
Oğru elə qışqırır ki,
Doğrunun bağrı yarılır.
Düz, həqiqət ayaq altda
Yalansa başa sarılır!
Namərd başını dik tutub,
Gedir o başdan bu başa.
Mərd gözünü dikir yerə,
Başı dəyir daşdan daşa.
Dövrə bax, zəmanəyə bax,
Yalan doğru sözü kəsir.
Haqq, ədalət tapdanır,
Mərd namərdə olur əsie!
Oğru haram pullar ilə,
Xoşbəxt sürür dövranını
Doğru başa döyə-döyə,
Satır bircə yorğanını.
İlahi! Bir çarə göndər,
Bu dağılan yer üzünə,
Qılıncını sanc fələyin,
Əyri görən kor gözünə!
Qoy , açılsın kor gözləri,
Baxsın düzə, baxsın haqqa!
Qoy vicdanı çirkinləri,
Eyləsin O, şaqqa-şaqqa!
Bu divanə zəmanəvi,
Ya düzəlsin, ya da dağılsın!
Qoy yer üzünə səmadan,
Dumansız şəfəq saçılsın!
Əgər düzəlməsə dünya,
Sınsın, qoy, fələyin çarxı!
Qoy namərd bulandırmasın,
Qaynaqdan gur axan arxı.
Qoy qalmasın ayaq altda,
İnkaredilməz həqiqət.
Doğrunun yolu açılsın,
Zəfər çalsın haqq-ədalət!
Müəllif: Günel Malıyeva