Arzularım
Kimsənin qəlbinə dəymişəmsə mən
Bağışla, Allahım, bağışla məni.
Sevmirəm, sevmirəm ürək qırmağı,
Sevmirəm küsülü, kinli qalmağı.
Hamıya bəxş etmək istəyirəm mən,
Bir dünya xoşbəxtlik, bir dünya sevinc.
Qoy hamı sevinsin, qoy hamı gülsün,
Gözlərdən gözlərə məhəbbət köçsün.
Ana qucağına həsrət qalmasın,
Bir körpə ürəyi, körpə qolları.
Həsrətli baxışlar bitsin, tükənsin,
Xoşbəxtlik yağışı yusun yolları.
İnsanlar yaşasın azad, firavan
Analar görməsin bala dağını
Uşaqlar yeməsin çörəyi yavan
Bacılar deməsin nalə, ahını...
Olmaz
Hər zaman xoş sözlər çıxsın dilindən,
Acı söz bal kimi qəlbə yayılmaz.
Yıxılan insanın sən tut əlindən,
Düzlüyü basdırsan, yenə danılmaz!
Şükür et, həmişə qaldır qolunu,
Doğru ol, əyrilik ad qazandırmaz!
Paxıllıq etmə sən heç bir insana,
Paxılın bağçasında laləzar olmaz,
Paxılın qəlbinə sevinc yol açmaz!
Bir xəyanətin qurbanı
Üzdə güldü, içdə söndü
Bir xəyanətin qurbanı.
Yanıb-yanıb külə döndü
Bir xəyanətin qurbanı.
Ömür sona yetdi belə,
Arzular getdi selə,
Ümidlər gəldi dilə
Bir xəyanətin qurbanı.
"Niyə sevdim onu" dedi,
"Bumu eşqin sonu" dedi,
"Geyim ölüm donu" dedi,
Bir xəyanətin qurbanı.
Onsuz ürək quru çöldü,
Bir yalan bir eşqi böldü,
O qız yaman erkən öldü -
Bir xəyanətin qurbanı.
Müəllif: Günel Malıyeva