Salam, əziz Qadın. Net-lilər. Uzun müddətdən sonra xəbər hazırlamaq qərarına gəldim, əslində, mənim xəbərim deyil. Şairə Günel Rasib qızının şeirlərini paylaşmaq istəyirəm sizinlə. Amma, istəyirəm ki, əvvəlcə onun haqqında qısa məlumat yazım. Beləliklə:
Günel Rasib qızı Maliyeva 1985-ci ildə Astara rayonunun Siyaku kəndində anadan olmuşdur.
2007-ci ildə Lənkaran Dövlət Universitetinin Humanitar və pedaqoji elmlər fakültəsini Filologiya ixtisası üzrə bitirmişdir.
Hazırda Astara rayonunun Siyaku kənd tam orta məktəbində Azəbaycan dili və ədəbiyyatı müəlliməsi işləyir.
Bədii yaradıcılıqla məşğul olur. Dövri mətbuatda mütəmadi olaraq müxtəlif mövzularda şeirləri dərc olunur.
Ailəlidir iki övladı var.
İndi isə şeirlərində birini yazmaq istəyirəm.
Bulaq həmin bulaqdır,
Çağlayacaq, daşacaq.
Bulaq həmin bulaqdır,
Hələ çox yaşayacaq.
Bir gün qurusa gözü,
Demək, qurtarıb sözü,
Demək köçüb dünyadan,
Daha yaşamır özü.
Özü yaşamasa da,
Durna gözü qalacaq
Kövrək həzin ürəklər
Buradan su aparacaq.
Onun başına çoxlu,
Sevənlər yığışacaq
Aşiqlər öz eşqini
Buraya danışacaq.
Sevənlərin könlünü
Alacaqdır bu bulaq.
Anaların dərdinə
Yanacaqdır bu bulaq.
Onun sözü, söhbəti,
Hər vaxt şirin olacaq.
O, çaydan qaynaqlanıb,
Heç vaxt qurumayacaq.
Atalar yaxşı deyib:
Ot kök üstə bitər.
Qızılgül yansa belə,
Yerində lalə bitər.
Bulaq həmin bulaqdır,
Çağlayacaq, daşacaq.
Bulaq həmin bulaqdır,
Hələ çox yaşayacaq.