Sevgi müəliməm
Gör nələrdən keçdin mənə görə, sən.
Bu sevgiyə sahib oldumsa, əgər,
Bəs, layiq olmaqçın sənə, görəsən,
Mən nə fəda etdim bu günə qədər?
***
Bəzən, sərt danışdım sənlə, əsəbdən.
Bəzən, çox qışqırıb həddimi aşdım.
Üstəgəl, son vaxtlar, yersiz səbəbdən,
Çox laqeyd tərzdə sənə yanaşdım.
***
Cavabsız zənglərlə gözlətdin, deyə,
Hirslə qarşıladım səni, hər dəfə.
Gəl ki, hər görüşdə susub hər şeyə
Səbrlə gözlədin məni, hər dəfə.
***
Bilirsən "Gül və Su" hekayəsini.
Səni Su görürdüm. Anlamır dedim.
Demə, Su mən idim. Gülün səsini
Anlaya bilmədim. İndi nə edim?
***
Yaman utanıram özümdən. Yaman..
"Barışaq" deməyə üzüm yox mənim.
Sənə söyləməyə sözüm çox. İnan
Özümə deməyə sözüm yox mənim.
***
Uzatdım əlimi. Tut və buraxma.
Qayıt həyatıma, nə olar, yenə.
Sevgi müəlliməm, qəlbini sıxma.
Bu gün aldığım dərs bəs edər mənə.
(Fərid Rüzgar)