Zəng çaldım anama,yenə də təkdir.
Dedim ki,səndə də höcətlik vardır.
Niyə tək qalırsan,gəlsənə bizə,
Dedi,qurban olum,yeriniz dardır.
Elə bil yuxudan birdən oyandım,
Dünya da gözümdə bir an qaraldı,
Həmişə dediyi bu adi sözlər
Bugün məni tutdu,yamanca aldı.
Sanki özgə kimi baxdım otağa,
Otaq-adi otaq,mebelsə çoxdur.
O qədər şeylərə əsir olmuşuq,
Ki evdə anaya yerimiz yoxdur.
Ən əziz tikəsin bizə verərdi,
Az yeyib hamıdan o tez doyardı.
Görəsən bəs anam,bircə otaqda,
O bəs çarpayını necə qoyardı?
Ana-bərəkətdir,ana nemətdir.
Ana olan evdə ruzi də olar.
Ana nəfəsi ilə qızınmayan kəs,
Kötüksüz ağac tək saralıb solar.
Ana balasının yanında qalsa,
Fərəhlə davranar,baxıb öyünər.
Bala ürəyində məhəbbət olsa,
Bir kiçik komada saray görünər.