Hardandı səndə bu cazibə, gülüm,
bu lətafət, bu incəlik?
Niyə hamı kimi deyilsən axı sən
nədəndi səndə bu qəribəlik?
Məsələn, elə gözəl ağlayırsan ki
ağlatsammı bir də?
-qəddar-qəddar düşünürəm hərdən.
Elə gözəl darıxırsan ki, gülüm,
adam çıxmaq istəmir gizləndiyi yerdən.
Elə qəşəng qaçırsan ki, nazlı-nazlı
vallah, qovmağı gəlir adamın.
Fikir vermişəm
əllərin səndən qabaq qaçır sən qaçanda
gözlərin həyəcanlı;
sağa-sola baxırsan hürkmüş ceyran kimi
aldadıcı olur gülüşlərin şeytan kimi.
Elə məsum təslim olursan ki,
yenə qaçsa, yenə tutsam keçir könlümdən.
Elə dəlicəsinə axtarırsan ki, adamı
tez - tez əlindən düşmək,
tez-tez itmək istəyirəm;
elə bərk-bərk qucaqlayıb saxlayırsan ki,
heyran qoyursan məni;
qalmaq istəyə-istəyə getmək istəyirəm.
Səninlə yaşamaq istəyirəm
səninlə gülmək istəyirəm;
bu ölümlü-itimli dünyada
öləndə də həsrətindən ölmək istəyirəm
Yox, yox, haşiyəyə çıxdım,
lütfən cavab ver
mən bilmək istəyirəm:
axı sən niyə beləsən?...
Dünya ilə insan tərs mütənasibdilər;
insan böyüdükcə dünya kiçilir.
Məsələn, 7 –ci mərtəbənin pəncərisindən
çox kiçik görünür küçədəki adamlar;
sürətlə yürüyürlər baxmadan sağına-soluna,
ağına-qarasına
qarışqalar kimi,
sanki nəsə daşıyır hərə öz yuvasına...
Siqaretin tüstülənir,
sən də düşünürsən:
Bu işıqforda dayanan qarışqa boyda ağ saçlı dayının
görəsən neçə dəfə düşüb əlindən
yuvasına aparmaq istədiyi ümidi?
...Hardan biləsən?
Ponti Pilat İsa (ə) –dan soruşdu:
- həqiqət nədir?
İsa (ə) susdu...
İnsan dünyadan çox böyükdür əslində
Yəqin ki, bunun üçün “sığmırdı bu cahana Nəsimi”.
Sadədəcə, dedim axı
onlar tərs mütənasibdilər;
dünya böyüdükcə gözündə,
insan kiçilir qarışqa kimi...
İlqar Kamil.