Qadin.NET / O gələcək

O gələcək

 

O gələcək

 

Mənə şikayət yaraşmaz, Allahım!
Ayıb olar ki, deyim 
sevmirəm mənə verdiyin bu həyatı;
niyə sevməyim ki?
Suallarım var sadəcə,
nə edim?
dərk etmirəm bu qəliz kainatı!

Sənə deməyəcəm ki, məsələn,
niyə ölür insanlar?
Sənə qovuşmaq üçün
Niyə illah ki, ayrılmalıdır bədənlərdən canlar?
Niyə var axı hər başlanğıcın bir sonu...?!
Şikayət etməyəcəm!
Yox!
Deməyəcəm ki, İlahi, 
çox çətindi bizim üçün qurduğun bu həyat oyunu.

Məni anlamazlığıma bağışla, Rəbbim!
Dünyanla müqayisədə nə yaşım var ki, mənim?
Nə olar, uşağlığımın əlindən tut
həftə-həftə, ay-ay, 
şübhə-şübhə, inam-inam böyüt məni!
Mən dərdlərimi yerin dibinə pıçıldayıram
Sən göyün üzündə eşit məni!

Allah haqqı, düz sözümdü
Sənə deməyəcəm ki, niyə axı,
belə-helə, filan, və sayir və ilaxır...
Ağlayacam sadəcə
için – için susacam;
Sən onsuz da halımdan anlayacaqsan məni.
Mənsə qərar vermişəm
bu gecə sabahacan özümü səcdəndən asacam!

İlahi, 
Şikayət etməyəcəm şeytandan sənə;
deməyəcəm ki, indi səni sevmək çətin olub,
yasaq olub.
Səni gizli-gizli
qaçaq kimi sevəcəm!
Bunu biləsən, böyüməyəcəm sevgidə
Səni həmişə uşaqlıqda atamı sevdiyim kimi,
Mahmud əminin ağacı boyda,
Səni 
uşaq kimi sevəcəm!

Əyrilərim çox olub, 
elə bilirsən bilmirəm?
Bağışla, İlahi, 
məni ömrümdə etdiyim bir-iki düzümə bağışla! 
Nə vaxtdı ki, 
necə, harda, kimdə olduğumu bilmirəm;
Bağışla, İlahi,
Məni 
özümə bağışla!

 

O gələcək

 

Hünər yalnız -yanmaqda deyil, arxadaş!
Məsələn,
qaranlıqlar olmasaydı
Şam da sabun kimi bir şey idi;
hünər bəzən də 
qurunun oduna yanmamamaqdadı.

Parçalanmamaqdadı gücün sirri -
bütünlükdə, Vəhdətdə.
Bax, 
Nə qədər ki, bütün idi zaman
Ən sonda zaman qalib gələrdi həmişə;
yıxardı taxtlarından despotları,
tiranları
qolunu sındırardı boyunvuranların.
Hə, arxadaş!
Zamanı yenmək üçün böldülər onu
böldülər onu aylara, illərə
tikə-tikə etdilər həftələrə, günlərə...
Belə sadəlövh olma,
saatlar zamanı tükətmək üçündü, arxadaş!
Yolların çoxluğu səni sevindirməsin
gəlmyəcək gözlədiyin
Yollar yalnız getmək üçündü!...

Yanmaq...
Bir də siqaret kimi yanmaq var, arxadaş
Səssiz-səmirsiz
iki barmağın arasında
tüstün 7-ci mərtəbənin pencərəsindən çıxa-çıxa,
gecənin tən yarısında...

Gecələr görünən təkcə ulduzlar deyil
Söndür nurbazlıq edən süni işıqları
Yum gözlərini,
Çox şey görəcəksən – 
heç kəsin görə bilmədiyi...

Çıxar eynəyini
Onun gəlmədiyi yollara zillə gözlərini
Usanma!
Usanma onu gözləməkdən, arxadaş
Kim bilməsə, o biləcək
“Gələcəkmi axır ki?” -deyə sorarsansa məndən
Deyərdim ki, 
Bir ehtimal daha var, arxadaş, 
bir yəqin daha var: 
O gələcək!

İlqar Kamil.

7 mart 2015
GO BACK