Qadin.NET / Qoy ümidlər ölməsin

Qoy ümidlər ölməsin

Qoy ümidlər ölməsin

Bayaq köhnə bir şəklinə baxdım, 
elə darıxdım ki, səninçün;
Gözünə gün düşürdü elə bil,
başını aşağı əyib, 
balaca əlinlə əl eləyirdin uzaqlara, gülə-gülə.
Düzünü desəm, 
mən yalnız sənin üçün darıxıram hər darıxanda
yar, sevgili nafilə.

 Dostum da əlimdən qapıb sənə baxdı diqqətlə,

bir fərq görmədi aramızda
güldüm acığımdan qara-qara:
axı sən hara, 
axı mən hara?...

Məsələn, yadımdadı
sənin bircə qorxun vardı - qaranlıq
mənimsə...
ehh
müqayisə etdim bir anlıq;
Sənin cəmi 7 sualın var idi aşırmaq üçün
mənimsə minlərlədi sualım - aşıra bilmədiyim.

Ey, illərdir yanına gəlmədiyim!
Məni bağışla!

Böyümək istəyərdin hey, yadındamı?
kaş bir qoca sənə başa salaydı ki, 
bala, getmə, getmə,
uşaqlığını tərk etmə,
ordan geriyə yol yoxdur!

İndi isə at əlindən bütün oyuncaqlarını -
tel arabanı, taxta avtomatını, kirli topunu
çıx şəkildən, 
qaça-qaça gəl yanıma
o çirkli əllərinlə nə olar, qıdıqla məni bir az
bəlkə gülə bildim bunca il sonra...

Ehhh, axı niyə belə uzaqsan, 
ey uşaqlığım!

 

 

İnsan sadəcə inanmaq istəyir bəzən 
başını anasının dizinə yaslayıb məsələn,
xəfifcə gözünü yummaq və inanmaq;
başqa heçnə!

Pambıq tıxayır qulaqlarına
eşitmək istəmir acı həqiqətləri, yox,
lazım deyil,
canına qorxu dolmasın;
inanmaq istəyir bildiklərinin doğruluğuna,
gecə gündüz yalvarır: nə olar, ya Rəbb,
heç nə yalan olmasın!

Məsələn, 
doğrudan da yiyəsi olsun dünyanın deyillənlər kimi;
sahibsiz olmasın kainat.

Axirət dünyası, növbəti həyat...
demsinlər ki bir gün: 
indiyəcən bildikləriniz hamısı - şayiə, illüziya, mövhümat!

Qurd düşməsin bildiklərinə, istəyir insan
yeməsin içindən onu suallar, şübhələr
və daha nələr nələr...

İnanmaq istəyir insan, inanmaq:
nə olar, 
yalan olmasın zülmət gecələrin işıqlı səhər vədləri
indi işıqlanmasa da eybi yox, eybi yox
əsas, işıqlanacaq olsun haçansa
şirin vədlər verilsin yenə
dönə-dönə
artıq vaxtı yetməsin yalanların ifşasının;
deməsinlər ki, hər şey yalan idi,
deməsinlər ki, aldadırdıq sizi,
deməsinlər...
biz belə daha hüzurluyuq, bəlkə də heç yalan deyillər
qoy ümidlər ölməsin!

İlqar Kamil

28 fevral 2015
GO BACK